Xəbər verdiyimiz kimi Enterprise Azerbaijan portalının "Startup School 2" layihəsinin finalçılarından biri- Naxçıvan Dövlət Universitetinin "AgroChat" komandası regionun ən böyük innovasiya sammitində iştirak hüququ qazanıb.
Azərbaycanda 4-cü dəfə Pasha Holding tərəfindən keçirilən INMerge İnnovasiya Sammitinde Naxçıvan Dövlət Universitetinin, Memarlıq və mühəndislik fakültəsinin, “İnformasiya texnologiyaları” ixtisasının IV kurs tələbəsi Şəhriyar Quliyev Enterprise Azərbaycanın nəzdində NDU-nun komandası kimi "AgroChat" startapı ilə uğurla iştirak edib.
Tədbirdə Şəhriyar Quliyev dünyanın ən nəhəng şirkəti Amazonun vitse-prezidenti Werner Vogels, Youtube-un qurucusu Steve Chen, Harvard Universitetinin professoru Linda Hill və tədbirin təşkilatçısı Paşa Holdinqin direktoru Cəlal Qasımov həmçinin holdinqin direktor müavini Fərid Məmmədovla görüşüb. NDU tələbəsi Amazonun sabiq vitse-prezidenti Colin Bryar ilə Amazonun texnologiyaları barədə geniş söhbət aparıb. Şəhriyar Quliyev eyni zamanda Silikon Vadisindən olan bir çox investorlar və şirkət rəhbərləri ilə görüşlər keçirərək ən qabaqcıl texnologiya və resurslar haqqında aparılan müzakirələrdə iştirak edib.
Qeyd edək ki, "INMerge İnnovasiya Sammiti”ndə ölkənin və dünyanın aparıcı şirkətlərinin rəhbərləri, investorlar, yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri və müxtəlif seminarlar keçirilib. "AgroChat" komandası süni intellekt vasitəsilə fermerlərlə aqronomları bir platformada birləşdirən proqram üzərində işləyirlər. Bu sammitdə komanda üzvləri "Enterprise Azerbaijan" portalını təmsil edərək layihələrini investorların diqqətinə çatdırıblar.