NDU-da Tələbə Gənclər Təşkilatının (TGT) 25 illik yubileyi və XIII Hesabat-seçki konfransı keçirilib.
Tədbirdən əvvəl təşkilatın uğurlarını əks etdirən sərgi ilə tanışlıq olub. Sərgidə TGT-nin yaradılmasının təsis əmri, müxtəlif dövrlərdə qazanılmış mükafatlar və nailiyyətlər nümayiş etdirilib.
Konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlər əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra NDU TV-nin hazırladığı, Tələbə Gənclər Təşkilatının fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.
Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sabiq sədri Əziz Qasımov son iki il ərzində görülən işlər barədə ətraflı hesabat təqdim edib. O, təşkilatın həyata keçirdiyi layihələr, tələbələrin inkişafına yönəlik tədbirlər və qazandıqları uğurlar haqqında məlumat verib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Tələbə Gənclər Təşkilatının fəaliyyətinə yüksək qiymətləndirərək bildirib ki, tələbə gənclərin yaradıcı təşəbbüsləri və ictimai fəallığı universitetin ümumi inkişafına mühüm töhfə verir. Rektor təşkilatın tələbələr arasında olan birliyi, eləcə də onların şəxsi və peşəkar inkişafına yönəlmiş fəaliyyətini alqışlayaraq bu işin gələcəkdə də eyni uğurla davam etdiriləcəyinə inandığını vurğulayıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının səmərəli fəaliyyətini yüksək qiymətləndirib. O, əsası qoyulan ənənənin davam etdirilməsinin vacibliyini qeyd edib və tələbələrə gələcək işlərində uğurlar arzulayıb.
Konfransda Tələbə Gənclər Təşkilatının yeni sədri Kamal Nağılı göstərilən diqqətə və etimada görə seçicilərə təşəkkür edərək, təşkilatın fəaliyyətini yeni səviyyəyə qaldırmaq üçün əzmlə çalışacağını bildirib.
Tədbirin sonunda Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin tələbələrinin təqdimatında bədii hissə keçirilib. Təqdim edilən musiqi nömrələri tədbirə xüsusi rəng qatıb.