İkitərəfli görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycan Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutununun baş direktoru Əlövsət Quliyevi salamlayıb. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda tədqiqat universitetlərinin yaradılması əsas prioritetlərdən biri sayılır. Müasir dövrdə elmi və texnoloji tərəqqi prosesi ali təhsil kontekstində islahatların aparılmasını və qlobal elmə çıxışı, fundamental və tətbiqi araşdırmaların həyata keçirilməsini, habelə insan kapitalı bazasının inkişafını təmin edə biləcək tədqiqat universitetlərinin yaradılmasını zəruri edir. Xüsusilə də, bilik iqtisadiyyatının inkişaf etdirilməsi, yeni biliklərin əldə olunması yollarının araşdırılması kontekstində müasir tədqiqat universiteti konsepsiyasının aktuallığı daha da artmaqdadır. Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bu istiqamətdə hədəflərini diqqətə çatdırıb.
Azərbaycan Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutununun baş direktoru Əlövsət Quliyev ömür yolunun 45 ilini həsr etdiyi Naxçıvan Dövlət Pedaqoji İnstitutunda fəaliyyət göstərdiyi zaman öz xatirələrini yada salıb. Vurğulanıb ki, uzun zamandır Bakıda yaşamağıma baxmayaraq NDU hər zaman mənim üçün əziz və doğmadır.
Əməkdaşlığın verəcəyi perspektivlər, gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb. Sonra hər iki tərəf arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Rektor qonağa “Naxçıvan” adlı kitab və hədiyyə təqdim edib. Əlövsət Quliyev də öz növbəsində müəllifi olduğu kitabları Elbrus İsayevə verib.
Müqavilədə Naxçıvan Muxtar Respublikası ərazisində regional və lokal ekoloji problemlərin araşdırılması və həlli istiqamətində birgə tədqiqatlar, Naxçıvan Muxtar Respublikası ərazisində su və torpaq resurslarından səmərəli istifadə üzrə, bitki və biomüxtəlifliyin qorunması, səmərəli istifadəsi istiqamətində tədqiqatlar, muxtar respublika ərazisində tullantıların idarə edilməsi, təkrar emalı və səmərəli istifadəsi üzrə birgə tədbirlər, müasir üsul və vasitələrdən, cihazlardan istifadə etməklə çöl-tədqiqat işlərinin təşkili məlumatlarının sistemləşdirilməsi maddələri öz əksini tapıb.
Hər iki tərəf müəssisənin təsdiq olunmuş fəaliyyət planları çərçivəsində dissertantura yolu ilə fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə əməkdaşların hazırlanması və təhsili məsələlərini, regionun ekoloji problemlərinin həllinə yönəlmiş yerli, beynəlxalq və müştərək qrant layihələrini yerinə yetirəcəklər. Eyni zamanda əldə edilmiş tədqiqat nəticələri barədə tərəflər müntəzəm olaraq məlumat mübadiləsi və məsləhətləşmələr aparmaqla birgə məqalələrin dərcinə nail olacaq və patentləşdirmək üçün sənədlər təqdim etməklə informasiya mübadiləsini həyata keçirmək üçün qarşılıqlı öhdəliklər daşıyacaq.
Əlövsət Quliyev universitetin Memarlıq və mühəndislik fakültəsinin Meliorasiya mühəndisliyi və Ekologiya mühəndisliyi ixtisaslarının tələbələrinə mühazirə keçib. O, Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi barədə Sərəncamını diqqətə çatdıraraq COP29 konfransına ev sahibliyini ölkəmiz üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirib. Əlövsət Quliyev muxtar respublikada bitki, torpaq örtüyünün əmələ gəlməsində, onun dəyişməsində, relyef amillərinin təsiri, torpaq əmələgəlmə prosesində insanların təsərrüfat fəaliyyətinin rolundan danışıb.