Naxçıvan Dövlət Universitetində 2025-ci ildə keçiriləcək idman tədbirləri ilə bağlı iclası keçirilib

Tədbir universitetin İdman klubu və idman ixtisaslarını əhatə edən kafedra əməkdaşlarının iştirakı ilə təşkil olunub.

İclası giriş nitqi ilə universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubov açaraq, rektor Elbrus İsayevin bu istiqamətdə təklif və görüşlərini diqqətə çatdırıb. Nicat Yaqubov, həmçinin, idmana göstərilən diqqətin tələbələr arasında sağlam həyat tərzinin təşviqi və idman ənənələrinin möhkəmləndirilməsi məqsədinə xidmət etdiyini, bundan başqa universitetin idman infrastrukturu, klubların fəaliyyəti və tələbələr üçün yaradılmış şərait barədə də  məlumat verib.

İdman Klubunun sədri Məhəmmədəli Rəhimov 2025-ci il üçün hazırlanmış tədbirlər planını təqdim edib. Planda müxtəlif yarışlar, dostluq oyunları, komandaların yerli və beynəlxalq turnirlərdə iştirakı, idman seminarları və təlimlər nəzərdə tutulub. O, bu tədbirlərin idmanın inkişafına və tələbələrin sosial həyatının rəngarəngliyinə töhfə verəcəyini vurğulayıb.

İclasda illik tədbirlər planı müzakirə edilib və tədbirlərin effektivliyinin artırılması üçün bir sıra təkliflər səsləndirilib. Çıxış edənlər yarışların tədris qrafikinə uyğunlaşdırılmasını, fakültələrdə idman dərnəklərinin yaradılmasını və xüsusi istedadların müəyyən edilməsi üçün seçim turlarının təşkilini təklif ediblər.

Tədbir səmərəli müzakirələrlə yekunlaşıb və idman ənənələrinin inkişafı üçün yeni hədəflər müəyyən edilib.