Naxçıvan Dövlət Universitetində akademik məsləhətçilərlə beynəlxalq mübadilə proqramlarına dair görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Ruqiyyə Kərimova universitetin akademik məsləhətçiləri ilə beynəlxalq mübadilə proqramlarına dair geniş müzakirə aparıb. Görüşdə universitetin tələbələrinin beynəlxalq təcrübə qazanması və akademik inkişafına dəstək verən mobillik proqramlarının əhəmiyyəti vurğulanıb.

Ruqiyyə Kərimova təqdimatında tələbə və müəllimlərin beynəlxalq təhsil şəbəkəsinə qoşulmasını təşviq edən Erasmus+ və digər beynəlxalq mübadilə proqramlarının üstünlükləri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. O, mobillik proqramlarının tələbələrin şəxsi inkişafına, fərqli mədəniyyətləri öyrənməsinə və akademik təcrübənin zənginləşməsinə verdiyi töhfələri xüsusi qeyd edib.

Tədbirdə iştirakçılara mübadilə proqramlarına müraciət prosesi, tələblər, seçim meyarları və maliyyələşdirmə imkanları barədə də məlumat təqdim olunub. Ruqiyyə Kərimova bildirib ki, beynəlxalq mobillik tələbələrin həm peşəkar, həm də şəxsi inkişafı üçün geniş imkanlar açır və bu prosesdə universitetin hər zaman tələbələrin yanında olacağını vurğulayıb.

Görüşün sonunda iştirakçılar mübadilə proqramları ilə bağlı suallarını səsləndirərək təcrübə və fikir mübadiləsi aparıblar. Tədbir mobillik imkanlarının genişləndirilməsi və universitetin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib.