Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində arıçılığın dünyada və Azərbaycandakı son vəziyyəti mövzusunda vebinar keçirilib. Tədbirdə Çukurova Universitetinin dosenti Aykut Burğut, NDU-nun Baytarlıq ixtisasının müəllim və tələbələri iştirak edib.
Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədov Azərbaycanda arıçılığın dərin tarixi köklərə və zəngin təcrübəyə əsaslandığını, həm iqtisadi, həm də ekoloji əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirə onlayn qoşulan Çukurova Universitetinin dosenti Aykut Burğut müasir dövrdə arıçılıqda istifadə olunan avadanlıqlar, arı xəstəliklərinin diaqnostikası və müalicəsi, həmçinin bu xəstəliklərə qarşı aparılacaq mübarizə və profilaktik tədbirlər haqqında geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycanda arıçılığın qorunması və innovativ texnologiyaların tətbiqi bu sahədə məhsuldarlığın artırılmasında mühüm rol oynayır.
Sonda vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və tövsiyələr verilib.