NDU-da “Bir gün tələbə” layihəsi çərçivəsində orta məktəb şagirdləri ilə görüş keçirilib. Bu münasibətlə keçirilən tədbirdə universitetin tanıtım videoçarxı nümayiş olunub.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru Elsevər Əsədov ali təhsil müəssisəsinin maddi-texniki bazası, müasir tədris üsulları haqda danışıb. Prorektor ali təhsil ocağının qoşulduğu layihələr, tərəfdaş olduğu müqavilələr, beynəlxalq əlaqələri barədə məktəblilərə ətraflı məlumat verib.
Yaponiyada yaşayan azərbaycanlı alim, çoxsaylı patent və ixtiraların müəllifi, 2023-cü ildən Naxçıvan Dövlət Universitetində mühazirələr deyən Xəlil Kələntər də tədbirdə iştirak edib. Alim çıxışı zamanı şagirdlərə öz tövsiyyələrini çatdırıb, onlara təhsil həyatlarında uğurlar arzulayıb.
Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov şagirdlərin universiteti tanıması istiqamətində həyata keçirilən layihənin hər il davamlı olaraq təşkil edildiyini bildirib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Ayşən Əsgərova bu cür layihələrin keçirilməsinin məktəblilər üçün əhəmiyyətindən danışıb, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Universitetin Tibb fakültəsinin tədrisi ingilis dilində aparılan Tibb ixtisasının I kurs tələbəsi, ötən il “Bir gün tələbə” layihəsinin iştirakçısı Nəsibə Əzizova çıxışı zamanı məktəbliləri əzmkar olmağa, təhsil pillələrində məqsədli şəkildə irəliləməyə səsləyib.
Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Rubiya Baxşəliyeva şagirdlər adından çıxış edərək onlar üçün yaradılan şəraitə görə minnətdarlığını ifadə edib. Rubiya Baxşəliyeva qeyd edib ki, orta məktəb dövründə universitet həyatı ilə tanışlıq onların təhsil həyatında və universitet seçimində böyük rol oynayacaq.
Sonra şagirdlər seçdikləri ixtisaslara uyğun fakültələrdə olub, dərs prosesində iştirak ediblər.