Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində “Asılı şəxsiyyət tipli pozuntu” mövzusunda vebinar təşkil edilib. Tədbirdə Türkiyə Respublikasının Atatürk Universitetinin professoru Başaran Gençdoğan, NDU-nun Pedaqoji fakültəsinin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev açaraq mövzunun əhəmiyyətindən bəhs edib. O, müasir cəmiyyətdə asılı şəxsiyyət pozuntularının insan psixologiyasına və sosial münasibətlərə təsiri barədə danışıb və bu kimi mövzuların öyrənilməsinin pedaqoji elmlər sahəsindəki əhəmiyyətini vurğulayıb.
Tədbirə onlayn qoşulan Türkiyə Respublikasının Atatürk Universitetinin professoru Başaran Gençdoğan asılı şəxsiyyət tipli pozuntusunun səbəbləri, simptomları, kateqoriyaları və müalicə yolları barədə geniş məlumat verib. O qeyd edib ki, bu pozuntu insanın şəxsi və sosial həyatında ciddi çətinliklər yaradır, xüsusilə qərar qəbul etmə qabiliyyətinə və emosional tarazlığa mənfi təsir göstərir. Professor mövzunun psixoloji sağlamlıq və münasibətlərin idarə olunmasında əhəmiyyətini vurğulayaraq, profilaktika və terapiya yollarına dair tövsiyələrini də iştirakçılarla bölüşüb.
Sonda vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və tövsiyələr verilib.