Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında İngilis dili və tərcümə kafedrasının baş müəllimi Tehranə Xudaverdiyevanın “Azərbaycan nağıllarında zaman və məkan” adlı kitabının təqdimat mərasimi keçirilib.
Naxçıvan Dövlət Universitetinin Elmi katibi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Orxan Cəfərov bildirib ki, kitab Azərbaycan nağıllarının strukturunun və məzmununun dərindən araşdırılması baxımından önəmlidir. O, müəllifin bu sahədəki elmi araşdırmalarını yüksək qiymətləndirib və kitabın Azərbaycan folklorşünaslığına dəyərli töhfə olduğunu qeyd edib.
"İngilis dili və tərcümə" kafedrasının müdiri İlhamə Məmmədova, kitabın hazırlanma prosesindən və müəllifin apardığı geniş araşdırmalardan danışıb. O, kitabda olan nağılların məzmununun daha dərindən öyrənilməsi və tələbələrin tədqiqat marağının artırılması baxımından mühüm rol oynayacağını qeyd edib.
“Roman-german dilləri kafedrasının” müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhsəti Əsgərova kitabda Azərbaycan nağıllarında məkan anlayışı məsələsinə toxunaraq, bu mövzunun nağılların strukturunun və semantik məzmununun dərinləşdirilməsi baxımından önəmli olduğunu qeyd edib.
“Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının dosenti Sədaqət Nemət çıxışında kitabın mədəni irsin tədqiqi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu isə nağıllarda zaman və məkan anlayışlarının milli şüurun formalaşmasındakı rolunu vurğulayıb.
Sonda müəllif göstərilən diqqətə görə minnətdarlığını bildirib.