Naxçıvan Dövlət Universitetində “Azərbaycanda regional iqlim dəyişmələri və onun çay su ehtiyatlarına təsiri” haqqında vebinar keçirilib

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində “Azərbaycanda regional iqlim dəyişmələri və onun çay su ehtiyatlarına təsiri” mövzusunda vebinar keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin professoru, coğrafiya elmləri doktoru Rza Mahmudov, eləcə də NDU-nun Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin müəllim və tələbələri iştirak ediblər.

          Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Bəhruz Məmmədov mövzunun aktuallığını qeyd edərək, iqlim dəyişikliklərinin ölkəmizin təbii resurslarına, xüsusən çay su ehtiyatlarına təsiri barədə fikirlərini bildirib. Dekan bu cür tədbirlərin tələbələrin bilik səviyyəsini artırmaq və elmi müzakirələr üçün faydalı olduğunu vurğulayıb.

          Tədbirə onlayn qoşulan Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin professoru, coğrafiya elmləri doktoru Rza Mahmudov iqlim dəyişikliklərinin regional səviyyədə çay su ehtiyatlarına təsiri ilə bağlı geniş məruzə edib. O, su ehtiyatlarının azalması, ekosistemlərin pozulması və iqlim dəyişikliyinin sosial-iqtisadi təsirləri haqqında mühüm məlumatlar verib. Professor iqlim dəyişikliyinin müxtəlif regionlarda yaratdığı çətinlikləri elmi statistik məlumatlarla əsaslandıraraq, bu problemlərin həlli istiqamətində həyata keçirilə biləcək tədbirlərdən danışıb.

Sonda vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və tövsiyələr verilib.