Ali təhsil müəssisəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə “Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər və perspektiv planlar” mövzusunda seminar təşkil edilib. Tədbirdə universitetin son kurs tələbələri iştirak ediblər.
Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov çıxış edərək, dövlət qulluğunun gənc mütəxəssislər üçün təqdim etdiyi imkanlar, inkişaf perspektivləri və mövcud yeniliklər haqqında məlumat verib. O, dövlət qulluğunun cəmiyyətdə mühüm rolunu vurğulayaraq, tələbələri bu sahədə gələcək karyera imkanlarından yararlanmağa çağırıb.
Naxçıvan Dövlət Universitetinin Karyera, təcrübə və məzunlarla iş bölməsinin müdiri Aynurə Seyidova məzunların məşğulluğunda dövlət qulluğunun əhəmiyyəti və bu sahədəki imkanlardan danışıb. O, qeyd edib ki, dövlət qulluğu yalnız sabit iş və sosial təminatlar təqdim etmir, həmçinin gənclərin bacarıqlarını inkişaf etdirməsi, ölkənin idarəetmə sistemində aktiv iştirak etməsi üçün geniş perspektivlər yaradır.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Rauf Əliyev vurğulayıb ki, dövlət qulluğu cəmiyyətin idarə olunmasında mühüm rol oynayan bir sahədir. Bu sahədə çalışan şəxslər sabit əməkhaqqı, sosial təminatlar, karyera yüksəlişi və peşəkar inkişaf imkanları ilə təmin edilirlər. Dövlət qulluğundakı dəyişikliklərdən danışan şöbə müdiri, həyata keçirilən islahatların əsas məqsədinin dövlət idarəetmə sistemini daha şəffaf və effektiv etmək olduğunu bildirib. Rauf Əliyev perspektiv planlardan bəhs edərək, gələcəkdə dövlət qulluğunda çalışanların bilik və bacarıqlarını artırmaq üçün müxtəlif təlim proqramların təşkil ediləcəyini, həmçinin gənc mütəxəssislərin dövlət qulluğuna cəlb edilməsi məqsədilə xüsusi təşəbbüslərin həyata keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.