Ali təhsil ocağının Elmi Kitabxanasında əməkdar incəsənət xadimi, şair, dramaturq Hüseyn Razinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək, Hüseyn Razinin Azərbaycan ədəbiyyatı və elmi fikir tarixindəki əhəmiyyətindən danışıb. Rektor bildirib ki, Hüseyn Razinin zəngin yaradıcılığı universitetin Tarix-filologiya fakültəsinin ixtisaslarında tədris edilir. Ədəbiyyat dərslərində onun əsərləri geniş şəkildə tədris edilir, tələbələrə diplom işləri və dissertasiya mövzularında araşdırma üçün təqdim olunur. Eyni zamanda, rektor Hüseyn Razinin ölkənin ədəbi və elmi sahəsindəki xidmətlərinə görə bir neçə medal və Fəxri Fərmanla təltif olunduğunu diqqətə çatdırıb. Tədbirdə Elbrus İsayev şairin irsinin daha geniş təbliği məqsədilə Hüseyn Razi haqqında yazılmış məqalələrin toplusunun nəşr edilməsini təklif edib. Bu təşəbbüs, həm böyük mütəfəkkirin irsinin qorunub saxlanılmasına, həm də gələcək nəsillərə çatdırılmasına xidmət edəcək.
Naxçıvan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının dosenti Xanəli Kərimli çıxış edərək Hüseyn Razi haqqında məqalələrini və beş elmi tədqiqat işini qeyd edib. O, Hüseyn Razi haqqında hazırlanmış biblioqrafiya barədə məlumat verib və yazıçının dramaturgiya və publisistika sahələrində əvəzsiz rolunu vurğulayıb.
Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının professoru Sədaqət Həsənova böyük ədib haqqında fikirlərini bölüşərək, onun Naxçıvan ədəbi mühitindəki yerindən danışıb. O, XIX əsrdən başlayaraq Naxçıvan ədəbi mühitinin formalaşdığını və çağdaş ədəbi mühit dedikdə ilk növbədə Hüseyn Razinin adının çəkildiyini vurğulayıb. Sonra Sədaqət Həsənova şairin poeziyasını tərənnüm edərək seçilmiş şeirlərini səsləndirib.
Naxçıvan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının baş müəllimi Seyfəddin Eyvazov Hüseyn Razinin əsərlərinin tamaşaya qoyulmasından bəhs edib. Xüsusilə "Arxalı Dağlar" və "Odlar Diyar"ı pyeslərini vurğulayan müəllim, ədibin poetik yaradıcılığının dərin təsirini qeyd edib.
Naxçıvan Dövlət Universitetinin “Fəlsəfə və sosial iş” kafedrasının professoru Hüseyn Razinin oğlu Məmməd Rzayev atasının ədəbi irsi və yaradıcılığı haqqında danışaraq, onun ədəbiyyatımıza verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb. Məmməd Rzayev, eyni zamanda, belə bir tədbiri təşkil etdiklərinə görə tədbir iştirakçılarına, xüsusilə Naxçıvan Dövlət Universitetinin rektoruna minnətdarlığını bildirib.
Sonra Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələri görkəmli şair Hüseyn Razinin 100 illiyinə həsr olunmuş tədbir çərçivəsində onun seçilmiş şeirlərini səsləndiriblər. Sonda Məmməd Rzayev ədibin “Ömür yolları” kitabını tələbələrə xatirə olaraq hədiyyə edib.
Tədbirin sonunda Hüseyn Razinin arxiv videosundan bir şeiri öz dilində dinlənilib.