NDU-da təhsil alan I kurs magistrantlar və onların elmi rəhbərləri ilə müşavirə keçirilib. Tədbirin əsas məqsədi dissertasiya işlərinin hazırlanması prosesində yaranan problemləri müzakirə etmək, bu sahədə mövcud çətinliklərə həll yolları tapmaq və tədrisin keyfiyyətini yüksəltməyə yönəlmiş təkliflər irəli sürmək olub.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev müşavirədə çıxış edərək magistrantların dissertasiya işlərinin keyfiyyətini artırmağın vacibliyini vurğulayıb. Qeyd olunub ki, elmi-tədqiqat işləri universitetin akademik səviyyəsini əks etdirən əsas göstəricilərdən biridir və hər bir tələbə mövzusunu elmi və praktiki əhəmiyyət kəsb edən aspektlər üzərində qurmalıdır. Müşavirədə tədrisin keyfiyyətinin artırılması məqsədilə magistrantların və elmi rəhbərlərin üzərinə düşən vəzifələr də müzakirə edilib. Elbrus İsayev tələbələrin dissertasiya mövzularını seçərkən dövrün tələbləri, innovativ yanaşmalar və regionun spesifik ehtiyaclarını nəzərə almalarının vacibliyini vurğulayıb. Həmçinin, elmi rəhbərlər tədqiqat prosesində yalnız istiqamət göstərməklə kifayətlənməməli, magistrantlara aktiv dəstək verməlidirlər.
Tədbirdə “Tədqiqat üsulları” fənninin tədrisi zamanı magistrantlara verilən tələblər xüsusi diqqət mərkəzində olub. Rektor bu fənnin tədrisinin daha səmərəli və praktiki yönümlü aparılmasının vacibliyini qeyd edib. Bildirilib ki, tədqiqat üsulları yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmamalı, tələbələrdə praktik bacarıqların da formalaşdırılmasına yönəlməlidir.
Eyni zamanda, Elbrus İsayev ingilis dilinin müasir tədqiqatlar və beynəlxalq əməkdaşlıq sahəsindəki roluna xüsusi diqqət çəkib. Vurğulanıb ki, beynəlxalq elmi bazalara çıxış, qlobal əməkdaşlıq və müasir tədqiqatlara inteqrasiya üçün magistrantlar ingilis dilini mükəmməl səviyyədə mənimsəməlidirlər.
Tədbirin sonunda magistrantların dissertasiya mövzuları və qarşılaşdıqları çətinliklər geniş müzakirə edilib, onların sualları cavablandırılıb və müxtəlif təkliflər irəli sürülüb.