Naxçıvan Dövlət Universitetində ingilis dilində iqtisadi terminlər lüğəti çap olunub

Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və Marketinq” kafedrasının müəllimi Elşən Nəsirovun ingilis dilində hazırladığı “Economics A-Z” adlı mikro və makroiqtisadiyyatın əsas terminlərinin izahlı lüğəti çap olunub.

Universitetdə iqtisadi fənlərin beynəlxalq ünsiyyət dili olan ingilis dilində tədrisi getdikcə genişlənir. Bu baxımdan, “Economics A-Z” izahlı lüğət öz aktuallığı və unikallığı ilə seçilir. Həm nəzəri, həm də praktiki əhəmiyyətə malik olan bu vəsait Azərbaycanda ilk dəfə kitab formatında dərc edilmişdir.

Lüğət, xüsusilə Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulub və onların iqtisadi terminologiyanı dərindən öyrənərək, müasir bazar subyektlərinin fəaliyyətini anlamaqlarına dəstək olur. Mallar, xidmətlər, qiymətli kağızlar, valyuta və digər bazar iştirakçılarının fəaliyyətini əhatə edən lüğət, həm də mütərəqqi islahatların tələblərinə uyğun nəzəri və praktiki biliklərin mənimsənilməsinə imkan yaradır.

Bu resurs iqtisadiyyat üzrə beynəlxalq standartlara uyğun kadr hazırlığına da əhəmiyyətli töhfə verəcəkdir.