Naxçıvan Dövlət Universitetində "Mədəniyyətlərin qovuşması: Azərbaycan nəsri ingiliscə tərcümədə" adlı tərcümə toplusunun təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin "İngilis dili və tərcümə" kafedrasının təşəbbüsü ilə hazırlanan "Mədəniyyətlərin qovuşması: Azərbaycan nəsri ingiliscə tərcümədə" adlı tərcümə toplusunun təqdimat mərasimi baş tutub.

Tədbirdə giriş sözü ilə çıxış edən NDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, layihənin Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığını vurğulayıb. Xarici Dillər fakültəsinin dekan əvəzi Yasin Babazadə, toplunun tələbələrin peşəkar inkişafına və mədəniyyətlərarası əlaqələrin güclənməsinə töhfə verdiyini qeyd edib.

"İngilis dili və tərcümə" kafedrasının müdiri İlhamə Məmmədova, layihənin kafedra heyətinin və tələbələrin fəal iştirakı ilə ərsəyə gəldiyini bildirərək, kitabın elmi və mədəni əhəmiyyətini vurğulayıb. Kitabın bədii redaktoru Sevil Gültənin tərcümələrin üslub və ruhunu qorumaq istiqamətindəki peşəkar yanaşması xüsusi qeyd olunub.

Universitetin Tərcümə Mərkəzinin müdiri Şirməmməd Qulubəyli tərcümələrin keyfiyyətini yüksək qiymətləndirərək, onların Azərbaycan ədəbiyyatının tanıdılmasına verdiyi töhfəni qeyd edib. Kafedranın əməkdaşı Elçin Mirzəyev isə tərcümə prosesində qarşıya çıxan çətinliklərdən və onun yaratdığı təcrübə zənginliyindən danışıb.

Sonda layihənin əhəmiyyəti vurğulanıb və gələcək təşəbbüslər müzakirə olunub.