Naxçıvan Dövlət Universitetində Milli Musiqi Günü qeyd olunub

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev diqqətə çatdırıb ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Bu qərarın sentyabrın 18-də dahi bəstəkar, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günü tarixində verilməsi təsadüfi deyil. Qeyd olunub ki, Azərbaycan müsiqi tarixində silinməz izlər qoyan Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Bildirilib ki, görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırıblar. Rektor Azərbaycan musiqisinə öz töhfəsini verən universitetin orkestrların fəaliyyətini və bu sahədə görülən işləri yüksək qiymətləndirib. Naxçıvan Dövlət Universitetinin Konservatoriyası və Musiqi Kollecinin kollektivlərindən ibarət yaradılan Simfonik və digər geniş tərkibli orkestrlar ölkədə və qardaş Türkiyənin bir çox şəhərlərində yaddaqalan konsert proqramları ilə çıxış ediblər. Bundan başqa universitetin müəllim və tələbələrinin Üzeyir Hacıbəyli yaradıcılığının ən parlaq nümunələrindən sayılan “O olmasın, bu olsun” musiqili komediyasının nümayişini muxtar respublika mədəniyyəti üçün dəyərli səhnə əsəri olduğunu vurğulayıb. Elbrus İsayev əlamətdar gün münasibətilə musiqi ictimaiyyətini və bu sahədə xüsusi xidmətləri olan müəllimləri təbrik edərək yeni səhnə uğurları arzulayıb.

“Xalq çalğı alətləri” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayeva Hacıbəyovlar nəslinin Naxçıvan mədəniyyətinin  inkişafında xidmətləri haqqında məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, qədim Naxçıvan torpağında böyük sənət adamları, ustad ifaçılar, görkəmli səhnə ustaları mədəniyyət tariximizi inkişaf etdiriblər. Bu sahədə əvəzsiz xidmətlər göstərən Hacıbəyovlar nəslinin adı muxtar respublikamızın mədəniyyət tarixinə qızıl hərflərlə həkk olunub.

Sonra bədii rəhbəri və dirijoru Naxçıvan Dövlət Universitetinin professoru, Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundov olan Simfonik orkestr bir-birindən möhtəşəm musiqi nömrələri ilə tamaşaçıların zövqünü oxşayıb. Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi”, “Arşın mal alan operettası”ndan Cahan xalanın kupletləri, Telli və Vəlinin düeti, “O olmasın bu olsun” musiqili komediyasından Müqəddimə və digər ifalar alqışlarla qarşılanıb.