NDU Elmi kitabxanasında Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Tarın Əkrəm zirvəsi” adlı kitabının təqdimatı keçirilib.
Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tədbirin giriş sözünü açaraq qeyd edib ki, kitabda ustad tarzən, pedaqoq, ictimai xadim, musiqi əsərlərinin müəllifi, tədqiqatçı, Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin anadan olmasının 80 illiyi münasibətilə sənətkarın həyat və yaradıcılığından bəhs olunub. Prorektor musiqişünas-maarifçi Əkrəm Məmmədlinin yaradıcılığını yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, musiqişünaslar üçün bu kitab öyrədici və əlçatan dərslikdir.
NDU-nun İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, dosent Cavid İsmayılov diqqətə çatdırıb ki, bu kitabda böyük istedada malik zəhmətkeş sənətkar haqqında bəhs olunub. Bundan başqa, dahi sənətkarların dilindən deyimlər də burada öz əksini tapıb.
Musiqi Kolecinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Məhəbbət Babayeva bildirib ki, kitabda Əkrəm Məmmədlinin “Rast”, “Zabul-segah”, “Şur” və başqa muğamlar, Etüdlər, Qamma və digər notalar gözəl təsvir olunub.
Xalq çalğı alətləri kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayeva bildirib ki, görkəmli tarzənin ifaçılıq repertuarında muğamlarla yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərləri də geniş yer alıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli diqqətə çatdırıb ki, vəsaitdə Əkrəm Məmmədlinin öz dilindən onun yaradıcılığına təsir edən dahi sənətkarlardan, əməkdar xalq artistlərindən, tanınmış simalardan da bəhs edilib.
Tədbirin sonunda Əkrəm Məmmədli müəllif Səadət Təhmirazqızına öz təşəkkürlərini bildirərək əlavə edib ki, bu kitabın ərsəyə gəlməsi mənim üçün qürurverici bir haldır.
Çıxış edənlər müəllifi təbrik edərək ona uğurlar arzulayıblar
Sonda, tədbirə onlayn qoşulan müəllif Səadət Təhmirazqızı kitabın təqdimatında göstərilən dəstəyə görə öz minnətdarlığını bildirib.