Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə universitetin İncəsənət fakültəsinin “Təsviri incəsənət” kafedrası tərəfindən təşkil olunan sərgi böyük maraqla qarşılanıb. Sərgidə “Təsviri incəsənət müəllimliyi”, “Dizayn” və “Rəngkarlıq” ixtisasları üzrə təhsil alan tələbələrin hazırladığı 65 əsər nümayiş olunub. Həmçinin sərgidə Naxçıvanın tarixi, mədəni irsi, sosial-iqtisadi inkişafı və müasir nailiyyətlərini əks etdirən əsərlər yer alıb.
Sərgidə iştirak edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tələbələrin yaradıcılıq nümunələrini yüksək qiymətləndirib. Rektor qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə təşkil olunan bu sərgi bölgənin tarixi və mədəni irsini əks etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, fakültədə təhsil alan tələbələrin əsərlərinin kataloq şəklində çap olunması və sərgilərdə nümayiş etdirilməsi gənclərin yaradıcılığını daha geniş auditoriyaya tanıtmaları üçün mühüm addımdır.