Naxçıvan Dövlət Universitetində payız semestrinin imtahan sessiyası davam edir

Yanvarın 6-dan etibarən Naxçıvan Dövlət Universitetində 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahanların təşkili və keçirilməsi universitetin rektoru Elbrus İsayevin müvafiq əmri əsasında həyata keçirilir. Rektor keçirilən imtahanların gedişi ilə tanış olub və tələbələrə uğurlar arzulayıb. Elbrus İsayev imtahanların tətbiqi ilə bağlı tələbələrin fikirlərini öyrənib.

Sessiya çərçivəsində bakalavr səviyyəsində 80 ixtisas, magistratura səviyyəsində isə 79 ixtisaslaşma üzrə, ümumilikdə 10.000-dək tələbə imtahan verəcək. İmtahanlar 3424 fənni əhatə edir. Onlardan 2652-si yazılı, 322-si şifahi, 450-si isə elektron-test üsulu ilə həyata keçirilir. İmtahanlar, əsasən iki növbədə təşkil olunur və imtahanların ardıcıllığı tələbələrin seçiminə uyğun olaraq təyin edilib. Tələbələrin imtahan cədvəlləri “E-cədvəl” mobil tətbiqi vasitəsilə onlara təqdim olunub. Eyni zamanda imtahan sualları da semestrin əvvəlindən LMS platforması üzərindən tələbələrin şəxsi kabinetinə daxil edilib. Elektron-test üsulu ilə aparılacaq imtahanların testləri 2024-cü il dekabrın sonunadək imtahan sistemində açılaraq tələbələrə tədqim olunub. İmtahan nəticələri həmin günün sonunda tələbələrin “WhatsApp” nömrələrinə göndərilir və şəxsi kabinetlərinə yerləşdirilir.

Məlumat üçün bildirək ki, sessiya zamanı imtahan gedişində akademik borcu yaranan tələbələrə 2 fənn üzrə imtahan vermək üçün 2025-ci ilin fevral ayının əvvəlində təşkil olunacaq.

 İmtahanlar hər bir fakültə üzrə imtahan zalında minumum 2 nəzarətçi olmaqla, universitet əməkdaşlarından ibarət İmtahan Komissiyası tərəfindən aparılır. Bütün imtahan zalları lazımi avadanlıqlarla və kameralarla təmin edilib.

Sessiyanın şəffaflığını və operativliyini təmin etmək məqsədilə universitetdə 9 nəfərdən ibarət İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Apellyasiya Komissiyası daxil olan şikayətləri operativ şəkildə araşdırır.  Bütün müraciətlər və cavablandırmalar tamamilə elektron qaydada həyata keçirilir.

Qeyd edək ki, imtahan sessiyası fevralın 1-dək davam edəcək.