Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyevin "Qərbi Azərbaycan mətbuatı tarixi" və Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyevin "Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mənəvi irsimiz", "Tarixi Azərbaycan torpaqlarında maddi-mənəvi irsimiz" kitablarının təqdimatı keçirilib.
Təqdimatda Kitabxananın direktoru Xumar Məmmədova çıxış edərək Qərbi Azərbaycan mövzusuna dair təqdim olunan kitabları yüksək qiymətləndirərək ali təhsil ocağının tədris bazası üçün mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Universitetin Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti İman Cəfərov, Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri Məmməd Əliyev, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnarə Allahverdiyeva çıxışlar ediblər.
Sonda Əfqan Vəliyev kitablarının təqdimatını keçirdiklərinə görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirib.
Tədbirdə bildirilib ki, bu günə qədər çox az bilinən 244 tarixi abidə haqqında məlumatı ehtiva edən kitabda müxtəlif qrafalarda verilən informasiya xarakterli materiallar konkret və lakonik şəkildə çatdırılır. Burada abidələrin tarixi, təsnifatı, növü, əhəmiyyəti, mövcud vəziyyəti və onlar haqqında qısa məlumat- abidənin təsviri, ölçüləri və tarixi haqqında faktlar öz əksini tapır. Kitabın dəyərini artıran məsələlərdən biri də istifadə edilmiş zəngin ədəbiyyat siyahısıdır.
Çıxış edənlər Qərbi Azərbaycanda 1914-1988-ci illər dövrünü əhatə edən, ictimai-ədəbi fikir tariximizdə mühüm yer tutan milli mətbuatın yaranma tarixinin, Ermənistan tərəfindən soydaşlarımıza qarşı dörd deportasiyanın həyata keçirildiyi ötən əsrdə sözügedən mətbu orqanlarının keçdiyi mürəkkəb, lakin şərəfli inkişaf yolundan danışıblar. Diqqətə çatdırılıb ki, Cəlal Allahverdiyevin "Qərbi Azərbaycan mətbuatı tarixi" kitabında Qərbi Azərbaycanda ictimai-siyasi, ədəbi-mədəni mühitin inkişafında və formalaşmasında böyük rol oynamış anadilli mətbuat orqanlarının rolundan geniş bəhs edilir. Müəllif Qərbi Azərbaycanda Ermənistan tərəfindən soydaşlarımıza qarşı edilən təzyiqlərə rəğmən, milli mətbu orqanlarının meydana gəlməsində və onların işində böyük fədakarlıq göstərmiş, adları mətbuat tariximizə qızıl hərflərlə yazılmış görkəmli ziyalıların fəaliyyəti barədə ətraflı məlumat verir.