Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində rəqəmsal və ənənəvi təhsilin müqayisəli təhlili mövzusunda vebinar keçirilib. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Əbülfət Pələngov eyni zamanda müəllim, magistrant və doktorantlar iştirak edib.
Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov müasir dövrdə təhsilin rəqəmsallaşması və bu sahədə aparılan elmi tədqiqatlardan danışıb.
Tədbirə onlayn qoşulan Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika üzrə elmlər doktoru, professor Əbülfət Pələngov rəqəmsal və ənənəvi təhsilin əsas üstünlükləri və çatışmazlıqlarından bəhs edib. Qeyd olunub ki, rəqəmsal təhsilin ənənəvi təhsillə paralel şəkildə, bir-birini dəstəkləyərək həyata keçirilməsi daha effektiv nəticə verir. Vurğulanıb ki, təhsilin rəqəmsallaşdırılması gələcəyə doğru atılan addımdır və bu, təhsilin məzmun və keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Sonda vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və tövsiyələr verilib.