Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında Ümumi riyaziyyat kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Abdulla Həsənov və həmin kafedranın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Ruhiyyə Cəfərovanın “Elementar cəbr və elementar funksiyalar” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, vəsait riyaziyyat müəllimliyi və riyaziyyat-informatika müəllimliyi ixtisasında oxuyan tələbələr və magistrantlar və elementar riyaziyyatın uyğun bölmələri üzrə biliklərini dərinləşdirmək istəyənlər üçün əlçatan dərslikdir.
Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov diqqətə çatdırıb ki, 6 fəsildən ibarət olan dərs vəsaitində elementar riyaziyyatın həqiqi və kompleks ədədlər üzərində cəbri ifadələri, tənliklər və bərabərsizliklər və onların həlli üsulları bundan başqa elementar funksiyalar və bir sıra mövzular öz əksini tapıb.
Ümumi riyaziyyat kafedrasının baş müəllimi Famil Məmmədov bildirib ki, dərs vəsaitində nəzəri materialın dərindən mənimsənilməsi məqsədilə hər mövzuya aid çox sayda nümunə tapşırıqlarının izahlı həlli verilib. Vurğulanıb ki, vəsaitdən riyaziyyatı dərindən öyrənmək hər kəs istifadə edə bilər. Bundan başqa, dərslikdə orta məktəb riyaziyyatında tədris olunmayan aksiom və teoremlər şərh edilib.
Çıxış edənlər həmmüəllifləri təbrik edərək onlara uğurlar arzu ediblər.
Sonda, müəlliflər göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.