Ali təhsil ocağının Elmi Kitabxanasında keçirilən tədbirdə çıxış edən kitabxananın direktoru Xumar Məmmədova milli-mənəvi dəyərlərimizin gənc nəslə təbliğ olunmasında tədbirin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai birliyinin sədri, “Aşıq Pəri məclisi”nin üzvü, “Kəlağayı muzeyi”nin direktoru, şair, publisist Güllü Eldar Tomarlı milli dəyərlərin bir atributu kimi kəlağayının geniş təbliğ olunması istiqamətində görülən işləri diqqətə çatdırıb. Vurğulanıb ki, ictimai birliyin layihəsi olaraq 2022-ci ildə “Kəlağayı muzeyi” yaradılıb. Güllü Eldar Tomarlı müəllifi olduğu kitabları universitetin kitabxana fonduna hədiyyə edib.
Şəhid Xansu Qurbanovun anası Yəmən Abbasova gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olan kəlağayının özündə Odlar Yurdu Azərbaycanın qədim tarixinin, mədəniyyətinin, adət-ənənələrinin yaşadıldığını diqqətə çatdırıb.
Universitetin “Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının dosenti, şair, folklorşünas Sədaqət Nemət, universitetin “Azərbaycan tarixi” kafedrasının professoru, “SEVİNC” Milli-mənəvi dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına dəstək” QHT təsisçisi Sevinc Abbasovanın çıxışları dinlənilib.
Çıxışlarda qeyd olunub ki, kəlağayı Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin Qərb zonasında buna “çarqat” da deyilir. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Azərbaycanda kəlağayıların məskəni kimi qədim Şəki şəhəri və İsmayıllının Basqal qəsəbəsi sayıldığı bildirilib. Diqqətə çatdırılıb ki, hələ 1862-ci ildə Londonda keçirilən Ümumdünya ipəkçilik sərgisində basqallı toxucu Nəsir Abduləzizoğlu özünün hazırladığı nəfis kəlağayı və Qanovuz parçaya görə gümüş metal və xüsusi diplomla mükafatlandırılıb.
Tədbirin bədii-hissəsində tələbələr sazın müşayiəti ilə şeirlər səsləndiriblər. Bədii rəhbəri universitetin Orkestr alətləri və dirijorluq” kafedrasının dosenti, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Validə Hüseynova, konsertmeyster “Fortepiano” kafedrasının baş müəllimi Fəridə Ağayeva olan “Belkanto” vokal qrupunun ifaları tədbiri daha rəngarəng edib.