Naxçıvan Dövlət Universitetində Stomotologiya təhsilində inkişaf proqramı təliminə başlanılıb

Naxçıvan Dövlət Universitetində stomatologiya təhsilinin inkişafını hədəfləyən xüsusi proqram çərçivəsində iki günlük təlimə start verilib. Təlimin açılışında universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə çıxış edərək, Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssisləri tələbələrlə tanış edib. O, proqramın əsas məqsədinin Azərbaycan universitetlərində stomatologiya sahəsinin inkişafına, tələbə və elmi kadrların yetişdirilməsinə dəstək vermək olduğunu bildirib. Eyni zamanda qeyd olunub ki, ilkin mərhələdə tədris III-V kurs tələbələrini əhatə edəcək və nəzəri-praktik biliklərin tədrisi təmin olunacaq. Gələcəkdə isə bu proqramın bütün kurs tələbələrini əhatə etməsi və stomatologiya üzrə elmi fəaliyyətlərin inkişafına dəstək olması planlaşdırılır.

İki gün davam edəcək olan təlimdə Türkiyənin İstanbul şəhərində şəxsi klinikada fəaliyyət göstərən uzman həkim, ortodont İlkin Məmmədov, restorativ diş müalicəsi uzman həkim İlkin Babakişiyev, İstanbul Aydın Universitetinin “Ağız, diş və çənə cərrahiyyəsi” kafedrasının dosenti Elçin Bədəlov və “Ağız, diş və çənə radiologiyası” kafedrasının dosenti Nuran Bayramov çıxış ediblər. Onlar tələbələrə müxtəlif mövzularda, o cümlədən “Ortodontiya: nədir və qısa tarixi,” “Kompozitlər və polimerizasiya,” “Radiasiya fizikasının və biologiyasının əsasları, radiasiyadan qorunma,” “Diş çəkimi texnikaları” və “Dental implantologiyada anatomiya” mövzularında geniş məlumat veriblər.