Naxçıvan Dövlət Universitetində Tibb ixtisasının tələbələrilə görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev SABAH qruplarının və tədrisi ingilis dilində olan Tibb ixtisasının tələbələri ilə görüşüb.

Ali təhsil ocağının rektoru Elbrus İsayev, “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamını əsasən Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıqların gücləndirilməsi, birgə proqramların təşkil olunması, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələrin həyata keçirilməsi məsələlərini diqqətə çatdırıb. Vurğulanıb ki, bu  Sərəncama əsasən NDU-da SABAH qrupları, ingilisdilli tibb ixtisası yaranıb, Savadlı, Bacarıqlı və Hazırlıqlı (SABAH ) tələbələrdən ibarət qruplar ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması yönündə mühüm addımlar atılıb. Elbrus İsayev tədrisi ingilis dilində olan tibb ixtisasının əhəmiyyətinə toxunaraq, tələbələrin ixtisaslarını ingilis dilində öyrənmələrinin onlar üçün beynəlxalq resurslara və mənbələrə daha əlçatan olduğunu vurğulayıb. Rektor  qeyd edib ki, bundan başqa Dövlət Proqramına əsasən Naxçıvan Dövlət Universitetinin nəzdində ikinci kampusun yaradılması nəzərdə tutulub. Yeni Tibb kampusunda tədris korpusu, araşdırma xəstəxanası, tələbə yataqxanası, tibb kolleci və müəllim evi kimi bir çox müasir infrastrukturların yer alacağı planlaşdırılır. Görüşdə rektor, universitetin Ankara, Hacettepe və Qazi universitetləri ilə bağlanmış müqavilələrindən və bu müqavilələr çərçivəsində tələbələrin Türkiyə Respublikasının universitetlərinin klinik bazalarında təcrübə keçmələri və beləliklə bilik və bacarıqlarını artıracaqlarını qeyd edib.

Sonra tələbələrin sualları cavablandırılıb və qarşılaşdıqları çətinliklərin həlli ilə bağlı müzakirələr aparılıb.

Görüşün sonunda rektor tələbələrə Cabbar Hacıyevin 2 cilddən ibarət “Ümumi Cərrahlıq” dərsliyini hədiyyə edib.