Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzində təlim keçən Ege Universitetinin dosenti Gönen Özşarlak Özer, Türkiyədə xarici vətəndaşlar üçün mövcud olan geniş təhsil və tədqiqat imkanları haqqında ətraflı məlumat verib. O, Türkiyənin nüfuzlu universitetləri, tədqiqat mərkəzləri və digər elmi qurumlarla əməkdaşlıq perspektivləri üzərində dayanıb.
Naxçıvan Dövlət Universitetinin rektor müşaviri Rəcəb Cəfərli tədbirdə çıxış edərək vurğulayıb ki, Türkiyənin aparıcı universitetlərindən dəvət olunmuş əcnəbi professorların universitetin müəllim və tələbələri üçün mütəmadi olaraq təlimlər keçməsi planlaşdırılır. Bu cür proqramların təşkili, ali təhsil ocağının beynəlxalq elmi əməkdaşlığını möhkəmləndirməklə yanaşı, akademik heyətin peşəkar inkişafına və tələbələrin qlobal tədqiqat mühitinə inteqrasiyasına şərait yaradacaq. Rəcəb Cəfərli həmçinin qeyd edib ki, universitetin əsas strateji hədəfi tədqiqat elminin inkişaf etdirilməsi və müxtəlif sahələrdə innovativ araşdırmaların təşviqidir. Bu baxımdan, NDU tələbələrinin magistratura və doktorantura təhsillərini Ege Universitetinin təqaüd proqramlarına qoşularaq davam etdirmələri də mümkündür. Sonra o, təlimlərin tələbələrin təhsil və tədqiqat sahəsindəki potensiallarını artırmaq, eyni zamanda onların akademik və peşəkar hədəflərinə çatmalarına dəstək olmaq üçün mühüm platforma olduğunu vurğulayıb.
Ege Universitetinin Əczaçılıq fakültəsinin farmakologiya bölməsinin dosenti Gönen Özşarlak Özer, Naxçıvan Dövlət Universitetinin magistr tələbələri üçün keçirilən təlimdə beynəlxalq tədqiqat şəbəkələrinə qoşulmağın və qlobal problemlərin həllinə elmi töhfə verməyin yolları haqqında geniş məlumat verib. O, müxtəlif sahələrdə çalışan xarici mütəxəssislərin inkişafı üçün mövcud olan təlim və peşəkar inkişaf imkanlarını vurğulayıb. Həmçinin, təlimçi Türkiyədə mövcud olan təqaüd və qrant proqramları, eləcə də gənc tədqiqatçıların beynəlxalq layihələrdə iştirak etməsi üçün açılan perspektivlərdən bəhs edib. Bu təlim, tələbələr üçün həm elmi, həm də peşəkar səviyyədə geniş dünyagörüşü və yeni hədəflər müəyyənləşdirmə baxımından xüsusi əhəmiyyət daşıyıb.
Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.