Naxçıvan Dövlət Universitetində “Uğura Səyahət Karyera Marafonu” adlı təlimə start verilib. İki gün davam edəcək marafonda Beynəlxalq təlimçi, mentor, Təkamül akademiyanın təsisçisi və rəhbəri Sübhan Bəylərzadə, NDU-nun məzunları və tələbələri iştirak edib.
Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, bu təlimin əsas məqsədi tələbələrə işlə təmin olunmaları üçün atmalı olduqları addımlar barədə ətraflı məlumat verməkdir. Eyni zamanda, prorektor Dövlət İmtahan Mərkəzinin apardığı statistikaya istinad edərək, Naxçıvan Dövlət Universitetinin məzunlarının imtahanlarda yüksək göstəricilər əldə etdiyini və onların bir çoxunun dövlət qurumlarında işə düzəldiyini vurğulayıb. Həmçinin diqqətə çatdırılıb ki, bu ilin iyunun 5-də NDU-da keçirilmiş karyera sərgisində 2000-dən çox gənc üçün iş və təcrübə imkanları təqdim olunub. Tədbirdə yalnız məzunlar deyil, həm də hazırda universitetdə təhsil alan tələbələr iştirak edərək, karyera imkanları barədə məlumat əldə ediblər.
Naxçıvan Dövlət Universitetinin Karyera, təcrübə və məzunlarla iş bölməsinin müdiri Aynurə Seyidova “Uğura gedən yol: Karyeranızı necə inkişaf etdirə bilərsiniz?” mövzusunda çıxış edib. O, tələbə və məzunlara karyera planlamasının əhəmiyyətindən bəhs edərək, şəxsi və peşəkar inkişaf üçün vacib məqamlara toxunub.
İki gün davam edəcək marafonda Beynəlxalq təlimçi, mentor, Təkamül akademiyanın təsisçisi və rəhbəri Sübhan Bəylərzadə tələbə və məzunlara karyera planlaması, əmək bazarına hazırlıq, CV yazma qaydaları, müsahibəyə hazırlıq və rəqəmsal mühitdə iş axtarışı kimi mövzularda tövsiyələr verib. Təlimdə iştirakçılar peşəkar bacarıqlarını inkişaf etdirmək üçün praktik biliklər əldə ediblər. Marafonda həmçinin tələbələr üçün qrup konsultasiya xidmətləri təşkil olunacaq. Günün tələblərinə uyğun mövzuların yer aldığı təlim tələbələr tərəfindən maraqla qarşılanıb.