Naxçıvan Dövlət Universitetində “Vətən Naminə əl-ələ” layihəsinin ikinci mərhələsi keçirilib

Ali təhsil ocağının Pedaqoji fakültəsində "Vətən Naminə əl-ələ" layihəsinin ikinci mərhələsi çərçivəsində, şəhid Sahil Məmmədovun xatirəsinə xüsusi bir təşəbbüs həyata keçirilib. Texnologiya müəllimliyi ixtisasının müəllim və tələbə kollektivi tərəfindən şəhidin şəkli muncuqla işlənərək Sahil Məmmədovun ev muzeyinə hədiyyə edilib.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültənin dekanı Vəli Əliyev, dekan müavini İnci Adilzadə, Texnologiya kafedrasının müdiri Mətanət Quliyeva, həmçinin kafedranın müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar Qaraçuq məzarlığında dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edib  ruhlarına dualar oxuyublar.

Bu təşəbbüs, şəhidlərin əziz xatirəsini yaşatmaq və vətən uğrunda canlarından keçən igidlərin unudulmadığını göstərmək məqsədilə həyata keçirilən əlamətdar addımlardan biridir.

Qeyd edək ki, “Vətən Naminə Əl-ələ” layihəsinin birinci mərhələsi 2024-cü il yanvarın 15-də keçirilib. Həmin mərhələdə 85 şəhid anası iştirak edərək layihəyə xüsusi mənəvi dəstək göstərib. Bu, şəhidlərimizin xatirəsini yaşatmaq və onların ailələrinə dəstək olmaq məqsədilə həyata keçirilən önəmli addımlardan biridir.