İyun ayının 2-dən etibarən Naxçıvan Dövlət Universitetində 2024/2025-ci tədris ilinin yay semestrinin imtahan sessiyasına start verilib. İmtahanların təşkili və keçirilməsi universitetin rektoru Elbrus İsayevin müvafiq əmri əsasında həyata keçirilir.
Sessiyanın ilk günlərindən rektor Elbrus İsayev imtahanların gedişini yerində izləyib, tələbələrlə söhbət aparıb və onlara uğurlar arzulayıb. Həmçinin tətbiq olunan imtahan mexanizmləri ilə bağlı tələbələrin rəyini dinləyib.
Qeyd edək ki, bu sessiyada bakalavr səviyyəsində 80 ixtisas, magistratura səviyyəsində isə 51 ixtisaslaşma üzrə ümumilikdə 9320 tələbə imtahan verir. İmtahanlar 2868 fənni əhatə edir. Onlardan 2197-si yazılı, 343-ü şifahi və praktiki, 326-sı isə elektron-test üsulu ilə keçirilir. Əsasən imtahanlar iki növbədə təşkil olunur və ardıcıllıq tələbələrin seçiminə uyğun müəyyənləşdirilib.
Vurğulayaq ki, tələbələrin imtahan cədvəlləri “E-cədvəl” mobil tətbiqi vasitəsilə təqdim olunub. Həmçinin imtahan sualları semestrin əvvəlindən etibarən LMS platformasındakı şəxsi kabinetlərə yerləşdirilib. Elektron-test imtahanlarının testləri isə artıq 2025-ci il mayın sonunadək sistemdə aktivləşdirilərək tələbələrin istifadəsinə verilib.
İmtahan nəticələri həmin gün ərzində tələbələrin şəxsi kabinetlərinə yerləşdirilir və onların “WhatsApp” nömrələrinə də göndərilir. Sessiya müddətində akademik borcu yaranan tələbələr üçün 2025-ci ilin iyul ayının əvvəlində əlavə imtahan imkanı yaradılacaq. Bu, yalnız iki fənni əhatə edəcək.
Onu da bildirək ki, imtahanların keçirilməsində universitetin müxtəlif fakültələrində fəaliyyət göstərən İmtahan Komissiyası üzvləri və 100-ə yaxın nəzarətçi iştirak edir. Bütün imtahan zalları zəruri avadanlıqlar və müşahidə kameraları ilə təmin olunub.
Sessiyanın şəffaflığını və operativliyini təmin etmək məqsədilə universitetdə 9 nəfərdən ibarət İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Apellyasiya Komissiyası daxil olan müraciətləri operativ şəkildə araşdırır və bütün proseslər tam elektron qaydada aparılır.
Qeyd edək ki, yay imtahan sessiyası beş həftə davam edəcək.