Naxçıvan Dövlət Universitetində “Zəngəzur Yurdum Mənim” adlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Kəngərli Rayon Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin Qərbi Azərbaycana həsr etdiyi “Zəngəzur Yurdum Mənim” adlı tədbir keçirilib.

Tədbirdən öncə Kəngərli Rayon Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında yallı təqdim edilib. Sonra Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Qərbi Azərbaycana hərs olunmuş əsərlər maraqla qarşılanıb. 

 Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Qərbi Azərbaycan mövzusuna həsr edilmiş “Həsrət” adlı videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin rəhbəri Elbrus İsayev qeyd edib ki, bu gün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Uzun illər gizli saxlanılan, zaman-zaman təhrif edilmiş hadisələr özünün əsl mahiyyətini və qiymətini alır. Sözsüz ki, bunun ən mühüm səbəblərindən biri müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi oldu. Elbrus İsayev əlavə edib ki, artıq iki ildir keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində də bu istiqamətdə mühüm addımlar atılıb, Qərbi Azərbaycana aid kitabların təqdimatı keçirilib, maarifləndirici tədbirlər reallaşdırılıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı möhtəşəm tarixi hadisələrə şahidlik edir. Dünya birliyində söz sahibinə çevrilən güclü və qüdrətli Azərbaycan yeni reallıqlar formalaşdırır. Vurğulanıb ki, Ulu Öndərin siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ata vəsiyyətinə əməl edərək, torpaqlarımızı işğaldan azad etdiyi kimi, Qərbi Azərbaycana qayıdış konsepsiyasını da uğurla həyata keçirir. Bu gün keçirilən tədbir də həmin konsepsiyaya mədəniyət baxımından yanaşmanın bir nümunəsidir.

Sonra Azərbaycan Dövlət Pedoqoji Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru,  Qərbi Azərbaycan İdarə Heyyətinin üzvü, Keşkənd İcmasının sədri, professor Mahirə Nağıqızı çıxış edərək qeyd edib ki, toponimləri və folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək mümkündür. Professor qeyd edib ki, yüzlərlə bu xüsusda olan yer adlarını, tarixi faktları saxtalaşdırmaq heç nəyi dəyişmir.

Tədbirin bədii hissəsində Kəngərli Rayon Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin əslən Zəgəzurdan olan müəllim və şagird heyətinin ifasında “Dərələyəz”, “Tarantella”, “Sarı gəlin”, “Sirli bağ”, “Azərbaycan”, “Dilican” və digər musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

          Qeyd edək ki, “Dərələyəz” instrumental  ansamblının bədii  rəhbəri  Röyşan Məmmədov, Göyçə” saz çalanlar ansamblının bədii rəhbər Zeynəb Yusifova , məktəbin xor kollektivinin rəhbəri Vüqar Qəhrəmanovdur.  

Tədbirin sonunda Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin kollektivi Fəxri Fərmanla təltif edilib, xatirə fotosu çəkilib.