Ali təhsil ocağında “Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru Afin Məmmədov çıxış edərək zərərli vərdişlərin insanların sağlamlığına və cəmiyyətin rifahına mənfi təsirlərindən bəhs edib. Prorektor gənclərin bu vərdişlərdən uzaq durmasının vacibliyini vurğulayaraq, belə maarifləndirmə tədbirlərinin bu istiqamətdə əhəmiyyətini qeyd edib. Afin Məmmədov ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasının və onların sağlam həyat tərzininə təşviqi məqsədilə dövlət səviyyəsində genişmiqyaslı layihələrin həyata keçirildiyini qeyd edib.
Naxçıvan Dövlət Universitetinin “Hüquq fənləri” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru və Yeni Azərbaycan Partiyası şəhər təşkilatının sədri Elman Cəfərli tədbirdə çıxış edərək, zərərli vərdişlərin ölkələrdə yaranma səbəblərindən və onun mənfi təsirlərindən danışıb. O bildirib ki, bu problem qlobal miqyasda cəmiyyətin inkişafına ciddi maneələr yaradır və bir çox ölkələr bu bəla ilə mübarizə aparmaq üçün müxtəlif strategiyalar həyata keçirir.
Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Salatın Hacıyeva çıxışında zərərli vərdişlərin psixoloji aspektlərindən bəhs edib. O, bu vərdişlərin əsasən emosional boşluq, stres və sosial təsirlərdən qaynaqlandığını vurğulayaraq, onların aradan qaldırılması üçün psixoloji dəstəyin vacibliyini qeyd edib.
NDU-nun Məşqçilik ixtisasının tələbəsi Ramiz Tarverdiyev “Narkomaniya əsrin bəlasıdır”, Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı ixtisasının tələbəsi Samir Cavadov, Murad Mahmudov, Seymur Sultanov “Alkoqolizm və onun fəsadları”, “Siqaretin insan orqanizminə təsiri”, və “Sosial medianın zərərləri” mövzularında çıxış ediblər.
Tədbirin sonunda zərərli vərdişlərlə bağlı videoçarx izlənilib.