Bu məqsədlə Naxçıvan Dövlət Universitetində keçirilən ikitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev Sivas Cümhuriyyət Universitetinin rektoru, professor Alim Yıldızı salamlayıb, onu universitetdə görməkdən məmnunluğunu ifadə edib. Elbrus İsayev universitetin maddi-texniki bazası, mövcud fakültələri, kollecləri və Beynəlxalq məktəbi barədə məlumat verib. Qeyd edilib ki, ali təhsil ocağında beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlığın təşkili, qlobal elm və təhsil məkanına inteqrasiya sahəsində aparılan məqsədyönlü işlər öz müsbət bəhrələrini verməkdədir. Bildirilib ki, xarici tələbələrin sayına görə Azərbaycan ali təhsil müəssisələri sırasında öncüllüyünü qoruyan universitetdə 10 ölkədən 2000-ə yaxın əcnəbi tələbə təhsil alır. Rektor ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyə Respublikasının özünəməxsus yeri olduğunu diqqətə çatdırıb. Sivas Cümhuriyyət Universitetinin rektoru, professor Alim Yıldız yüksək qonaqpərvərlikdən razılığını bildirib. Professor rəhbərlik etdiyi universitetdə mövcud ixtisaslar, beynəlxalq əlaqələr barədə məlumat verib. NDU ilə ortaq layihələrə, xüsusilə müəllim-tələbə mübadiləsinin, müxtəlif sahələr üzrə elmi tədqiqatların genişlənməsinə ehtiyac olduğunu qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Sonra qarşılıqlı əməkdaşlıq məsələlərini özündə əks etdirən birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Birgə araşdırmalar, tədqiqat məsələləri müzakirə olunub. Sivas Cümhuriyyət xəsətəxanası ilə NDU xəstəxanası arasında təcrübə mübadiləsi haqqında razılıq əldə edilib. Memorandum ilkin olaraq beş il müddətinə qüvvədə qalmaqla ikili diplom proqramı sahəsində əməkdaşlığın prinsipləri, tələbə və müəllim mübadiləsi, təhsil proqramları, tədqiqat və nəşr işləri, magistratura və doktorantura sahəsində birgə tədqiqatlar, razılaşdırılmış fəaliyyət çərçivəsində alim və mütəxəssislərin mübadiləsi, onların peşəkar bacarıqlarının təkmilləşdirilməsinin təmin edilməsi, kitabxana və arxivlərdə tədqiqat işlərinin həyata keçirilməsinə şərait yaradılması, seminar, simpozium, elmi konfrans, toplantı, seminar, mədəni və idman yarışların sərgilərin keçirilməsi kimi fəaliyyət istiqamətlərini özündə əks etdirir.Eyni zamanda hər iki universitet ERASMUS sahəsində birgə əməkdaşlığa dair müqaviləyə imza atıb.Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.