Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, tanınmış alim, professor Məsud Əfəndiyev şagirdlərlə görüş keçirib. Tədbirdə universitetin əməkdaşları, 19 orta məktəbin şagirdləri və müəllimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, professor Məsud Əfəndiyevi şagirdlərə təqdim edib və görüşə qatıldığı üçün minnətdarlığını bildirib. Aidə Cəlilzadə qeyd edib ki, belə görüşlər şagirdlərin beynəlxalq elm və innovasiyalar sahəsində biliklərini artırmaq, elmi əməkdaşlıqları genişləndirmək və universitetin beynəlxalq əlaqələrini daha da inkişaf etdirmək baxımından əhəmiyyətlidir.
Görüş zamanı professor şagirdlərə öz elmi və beynəlxalq təcrübələrindən danışaraq, onları elmə və təhsilə daha çox maraq göstərməyə çağırıb. O vurğulayıb ki, hər bir şagirdin böyük potensialı var və bu potensialı üzə çıxartmaq üçün səbrli olmaq və daim çalışmaq lazımdır. Professor, Almaniyanın Münhen şəhərində Helmholtz Tədqiqat Mərkəzində apardığı işlərdən və müxtəlif beynəlxalq layihələrdə iştirakından bəhs edib. Bu təcrübələrdən çıxış edərək, o, şagirdlərin beynəlxalq platformalarda əməkdaşlıq etmələrinin onların bilik və bacarıqlarını artırmaq üçün böyük imkanlar yaratdığını bildirib. Məsud Əfəndiyev şagirdləri hər fürsətdən istifadə edərək öz bilik və bacarıqlarını inkişaf etdirməyə səsləyib.
Tədbirin sonunda professor Məsud Əfəndiyev müəllim və şagirdlərin suallarını cavablandırıb. Daha sonra professor məktəbin sinif otaqlarını gəzib və burada yaradılan şərait barədə məlumat alıb.