Tədbir bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov çıxış edərək qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır. Azərbaycanın XX əsr tarixinin əlli ildən artıq dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə bağlıdır. Ulu öndərin ağır günlərində nəinki Naxçıvanı qorudu, hətta ən çətin məqamlarda belə muxtar respublikada qəbul etdiyi qərarlarla bütövlükdə Azərbaycanın gələcəyi naminə hesablanmış müdrik siyasətin təməl prinsiplərini qoydu.
Eyni zamanda, qeyd olunub ki, dahi şəxsiyyət bütün çətin anlarda öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək, xalqını bütün bəlalardan qorumuşdur. İndi onun başladığı isişləri siyasi varisi Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Ata nəsihətini uğurla yerinə yetirən ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşməndən azad etdi.
Beynəlxalq Məktəbin direktoru Nazim Rəhimov çıxışında qeyd edib ki, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir.
Direktor Ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən bəhs edib. O, ulu öndər Heydər Əliyevin ideyalarının əbədiyaşar olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin hazırladığı biri-birindən maraqlı ifalar, rəqslər, və səhnəciklər iştirakçıların marağına səbəb olub.