Naxçıvan Dövlət Universitetinin kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Kollektiv 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edərək, məzarları üzərinə tər qərənfillər düzüb, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən bütün qəhrəmanları dərin hörmət və ehtiramla anıblar. Eyni zamanda Qarabağ müharibəsində şəhid olan vətən övladlarının da  ruhu yad edilib, məzarları üzərinə tər qərənfillər düzülüb. Bu ziyarət xalqımızın milli mübarizə tarixini unutmamaq və şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olub.

20 Yanvar faciəsi xalqımızın qan yaddaşında azadlıq və müstəqillik uğrunda mübarizənin rəmzi kimi əbədi yaşayacaq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı qırğın nəticəsində yüzlərlə günahsız insan şəhid olub, minlərlə vətəndaş yaralanıb və itkin düşüb. Bu faciə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə iradəsini daha da gücləndirərək tariximizdə silinməz iz buraxıb.