Naxçıvan Dövlət Universitetinin əməkdaşı Avropa İttifaqının Erasmus+ LMQS "Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyə sahəsində strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri" layihəsi çərçivəsində Yunanıstanın Qərbi Attika Universitetində təşkil olunan təlimlərdə iştirak edib.
Təlimlərin birinci mərhələsində MOOC hazırlanması üçün lazım olan CMS, Moodle və Eclass sistemləri haqqında geniş məlumatlar təqdim olunub. NDU əməkdaşı Lətif Sadıqov, MOOC-un mövzusunu müəyyənləşdirərək qeyd olunan sistemlərdən istifadə etməklə ilkin işləri həyata keçirib və nəticələri təlimçilərə təqdim edib.
İkinci mərhələdə isə müxtəlif sahələrdən olan mütəxəssislərlə səhiyyədə keyfiyyət təminatı, əsas keyfiyyət indikatorları, layihə idarəetməsi, keyfiyyət yanaşmalı tədqiqat metodologiyası və Blum taksonomiyasından fərqli effektiv tədris modelləri haqqında müzakirələr aparılıb. Gələcək tədqiqatlarla bağlı əməkdaşlıq təşəbbüsləri də irəli sürülüb. Eyni zamanda təlimlər zamanı Naxçıvan Dövlət Universiteti ilə Qərbi Attika Universiteti arasında ikili diplom müqaviləsinin bağlanmasına dair ilkin danışıqlar aparılıb.