Naxçıvan Dövlət Universitetinin əməkdaşları, “Erasmus+ LMQS” layihəsi çərçivəsində Almatıda keçirilən iclaslarda iştirak ediblər

12-16 noyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində NDU-nun da tərəfdaşı olduğu #Erasmus+ proqramı çərçivəsində icra edilən, LMQS (Səhiyyədə Keyfiyyətin Yüksəldilməsi) layihəsinin iclasları keçirilib. Qazaxıstanda keçirilən iclaslarda ali təhsil ocağını, Naxçıvan Dövlət Universitetinin  Rektor müşaviri Rəcəb Cəfərli, Beynəlxalq əlaqələr üzrə prorektor Aidə Cəlilzadə, NDU xəstəxanasının baş həkimi Elmar Rzayev, Strateji inkişaf üzrə mütəxəssis Lətif Sadiqov və Dayanıqlı inkişaf üzrə mütəxəssis Sənan Əhmədov təmsil edib.

Tədbir zamanı iclaslar Qazaxıstan Al-Farabi Milli Universiteti, Qazaxıstan Tibb Universiteti, Qazax Milli Tibb Universitetində keçirilib

İclaslarda tərəfdaş universitetlər layihənin son ilinə qədər icra edilmiş fəaliyyətlərə dair hesabatlarla çıxış edib, layihənin maliyyə məsələləri müzakirə edilib. Bundan əlavə, üç universitetin fəaliyyəti ilə tanışlıq baş tutub.

LMQS layihəsi səhiyyə təhsilində və idarəçiliyində keyfiyyət standartlarının tətbiqinə yönəlmiş, beynəlxalq əməkdaşlıq çərçivəsində irəliləyişlər əldə edən bir təşəbbüsdür. İclas zamanı tərəfdaşlar qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün atılan addımları dəyərləndirib və gələcək iş planını müzakirə ediblər.

Bu tədbir, layihə çərçivəsində tərəfdaş universitetlər arasında əməkdaşlığın daha da gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olub.