Türkiyənin Qars şəhərində yerləşən Qafqaz Üniversitetinin Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə konfrans keçirilib.
Türkiyə və Azərbaycan Dövlət Himnlərinin oxunması ilə başlayan tədbirdə Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapu, universiteti Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin müdiri professor Hacəli Nəcəfoğlu və Azərbaycan Respublikasının Qarsdakı Baş konsulu Nuru Quliyev çıxış ediblər.
Sonra muxtariyyətin 100 illiyinə həsr olunmuş film izlənilib.
Qars Qafqaz Universitetinin dosenti İlkin Gulusoyun moderatorluq etdiyi paneldə universitetin Beynəlxalq Əlaqələr bölməsinin rəhbəri professor Elnur Həsən Mikail, Naxçıvan Dövlət Universitetinin əməkdaşları, tarix üzrə fəlsəfə doktoru Emin Məmmədov və professor Sevinc Abbasovanın çıxışları dinlənilib.
Çıxışlarda Naxçıvanın tarix səhnəsindəki yeri və önəminin sadəcə regional deyil, eyni zamanda beynəlxalq əlaqələr baxımından da böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. XX əsrdə bölgədə baş verən siyasi proseslər, Moskva və Qars müqavilələrinin gündəmə gətirilməsi, nəhayət 1924-cü il fevral ayının 9-da muxtariyyətin əldə olunması, ötən dövr ərzində Naxçıvanın sosial-iqtisadi yüksəlişi və Ümummilli Lider Heydər Əliyevin Naxçıvanın gələcək tarixi taleyindəki rolu və bugünki inkişafı geniş şəkildə qeyd olunub.
Konfransın yekununda iştirakçılara təşəkkürnamə təqdim edilib.
Daha sonra Naxçıvan Dövlət Universiteti və Qars Qafqaz Universitetinin futzal komandaları arasında yoldaşlıq görüşü keçirilib, Qars şəhərinə gəzinti təşkil olunub.