Ali təhsil ocağında bakalavriat və magistratura səviyyəsində tədrisi ingilis dilində olan informasiya təhlükəsizliyi ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitetdə tədrisi ingilis dilində olan ixtisasların gələcək perspektivlərindən danışıb. Diqqətə çatdırılıb ki, universitetdə ali təhsilin bakalavr və magistr səviyyələrində tədrisi ingilis dilində olan ixtisaslarda təhsil alan tələbələrin, gələcək iş perspektivləri daha yüksəkdir. Qeyd olunub ki, cari tədris ilində informasiya təhlükəsizliyi ixtisası üzrə Naxçıvan Dövlət Universitetinin savadlı və peşəkar kadrları ilə yanaşı, xarici müəllimlərin də universitetdə tədrisə cəlb olunması istiqamətində işlər həyata keçirilir. Bildirilib ki, informasiya texnologiyaları sahəsində yerli və xarici universitetlərlə tələbə mübadiləsi və ikili diplom proqramlarının aktuallığı daim diqqət mərkəzində saxlanılır. Rektor tələbələrin mütəmadi olaraq öz üzərində işləməsi və beynəlxalq proqramlaşdırma təlimlərinə cəlb olunmasının vacibliyini vurğulayıb. Ali təhsil ocağında ingilis dilinin akademik səviyyədə inkişafı üçün yaradılan şəraitdən bəhs edən Elbrus İsayev tələbələrə, IELTS (International English Language Testing System), SAT (Scholastic Assessment Test) İmtahan Mərkəzlərindən və İBM (International Business Machines) üzrə təşkil edilən təlimlərdən yararlanmağı tövsiyə edib.
Sonra tələbələrin informasiya təhlükəsizliyi sahəsində fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra informasiya təhlükəsizliyi sahəsində yeni və müfəssəl bilgilərin yer aldığı xarici müəlliflərin kitabları tələbələrə hədiyyə edilib.