Naxçıvan Dövlət Universitetində magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübəsinə həsr olunan başlanğıc konfransı keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, təcrübə rəhbərləri və magistrantlar iştirak ediblər.
Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev elmi və pedaqoji təcrübənin magistrantların bilik və bacarıqlarını tətbiq etməsi, akademik mühitdə praktik təcrübə qazanması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bu mərhələdə fəal iştirakın, nəzəri və təcrübi biliklərin genişləndirilməsinin, magistr dissertasiyası ətrafında ciddi tədqiqatların aparılmasının və keyfiyyətin yüksəldilməsinin vacibliyini qeyd edib. Rektor həmçinin yeni çağırışlara uyğun fəaliyyətin qurulmasının və ixtisaslaşmanın önəmini bildirərək, təcrübəyə başlayan magistrantları təbrik edib, onlara uğurlar arzulayıb.
Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya ürzə fəlsəfə doktoru Çapay Quliyev elmi-tədqiqat və elmi-pedaqoji təcrübə zamanı magistrantların qarşısında duran vəzifələr eləcədə bu prosesin təşkili barədə məlumat verib. Bildirib ki, 2024-2025-ci tədris ilində ümumilikdə 65 ixtisaslaşma üzrə təcrübəyə başlayan 216 magistranta 117 nəfər rəhbərlik edəcək. Elmi-tədqiqat təcrübəsi 17 fevral-17 mart, elmi-pedaqoji təcrübə isə 2-29 aprel tarixlərini əhatə edəcək.
Konfransda Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov magistr dissertasiyalarının hazırlanmasına qoyulan tələblərlə bağlı, Təcrübə və məzunlarla iş bölməsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Aynurə Seyidova isə təcrübə rəhbərlərinin vəzifələri ilə bağlı çıxış ediblər.
Natiqlər magistrantlara təcrübənin nəzəri və praktiki əsaslarını izah edərək, elmi tədqiqat işlərinin yazılması qaydaları və digər məsələləri diqqətə çatdırıblar.