Tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulma predmetlərindən biri də istehsalat təcrübəsidir. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və Aqrokimya ixtisasının 4-cü kurs tələbələri “APF Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nehrəm qəsəbəsi ərazisindəki üzümçülük plantasiyası və alma bağında istehsalat təcrübəsi keçirlər.
İyun ayının 5-ə qədər davam edəcək təcrübənin keçilməsində əsas məqsəd tələbələrin nəzəri biliklərini möhkəmləndirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etməkdən, onların ixtisas profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, iş üsulları ilə tanış etməkdən, o cümlədən işgüzarlıq, təşkilatçılıq və texnologiya vərdişləri aşılamaqdan ibarətdir.
İstehsalat təcrübəsində iştirak müddətində tələbələrə üzümçülük plantasiyası və alma bağında üzümün aqrotexniki becərmə texnologiyaları, müxtəlif xəstəliklər, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri əyani olaraq öyrədilir. Həmçinin tələbələr təcrübə zamanı üzümün yaşıl budanması prosesini də izləyirlər.
Qeyd edək ki, təcrübənin ilk günü Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev təcrübəçi tələbələrlə görüşüb, istehsalat təcrübəsinin gedişatı ilə maraqlanıb.