Naxçıvan Dövlət Universitetinin tələbəsi Şəhriyar Quliyevin beynəlxalq uğuru

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin tələbəsi Şəhriyar Quliyev "Enterprise Azerbaijan" portalının StartUpSchool 2- "Yaşıl həmrəylik naminə süni intellekt" layihəsində qalib olub. O, universitetin AgroChat komandası ilə birgə bu layihədə iştirak edərək Amerika Birləşmiş Ştatlarında keçiriləcək 12B təlim proqramına qatılmaq hüququ qazanıb. Komanda ABŞ-da Azərbaycanı təmsil edəcək.

Qalib komanda üzvlərinə beynəlxalq səviyyəli sertifikatlar, medallar və hədiyyələr təqdim olunub.

Bu münasibətlə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Şəhriyarın uğurunu yüksək qiymətləndirərək bildirib ki, universitet tələbələrinin beynəlxalq platformalarda qazandıqları nailiyyətlər həm təhsil müəssisəsinin nüfuzunu artırır, həm də gənclərin yaradıcı potensialını nümayiş etdirir. Qeyd olunub ki, bu uğurlar ölkəmizin qlobal arenada layiqli təmsilinə mühüm töhfə verir, Naxçıvan Dövlət Universitetinin tələbələrinin innovativ sahələrdəki potensialını bir daha sübut edir.