Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə Azərbaycan Texniki Universitetində “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda II Beynəlxalq Elmi-Texniki Konfrans keçirilib

Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu , Azərbaycan Respublikası Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Milli Müdafiə Universiteti, Milli Aerokosmik Elmi Araşdırmalar İnstitutu, İstanbul Texniki Universiteti, Milli Texniki Universitetinin Xarkov Politexnik İnstitutu, Ankaranın Qazi Universitetinin və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda II Beynəlxalq Elmi-Texniki Konfrans keçirilib.

Konfrans infokommunikasiya sistemləri və süni intellekt texnologiyaları, rolu, eləcə də süni intellektin etik və sosial təsirləri, məxfilik və təhlükəsizlik haqqında mövzulara həsr olunub.

Konfransda onlayn şəkildə iştirak edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfrans iştirakçılarını salamlayıb və tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, konfrans Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin elm və təhsil sahəsində qəbul etdiyi qərarların icrası baxımından mühüm önəm daşıyır. Həmçinin elm və təhsilin inteqrasiyası, beynəlxalq əməkdaşlığın inkişafı və ölkə universitetləri arasında şəbəkələşmənin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Elbrus İsayev çıxışında süni intellektin məişətdən başlayaraq ali tədqiqat sahələrinə qədər geniş tətbiq olunduğunu və konfransda NDU alimlərinin də fəal iştirak etdiyini diqqətə çatdırıb. Həmçinin Nazirlər Kabinetinin qərarı ilə ali təhsil müəssisələrində bakalavriat səviyyəsində ixtisas təsnifatlarının yeniləndiyini və bu çərçivədə "Data analitikası" və "Proqram təminatı mühəndisliyi" ixtisaslarının təsdiq olunduğunu xatırladıb.

Naxçıvan Dövlət Universiteti də bu istiqamətdə texniki baza və kadr potensialını gücləndirmək məqsədilə bir sıra layihələr həyata keçirir. Rektor universitetin kampusunda yeni texnologiyalar parkının yaradıldığını və nanobiotexnologiya laboratoriyalarının inşasının davam etdiyini bildirib. Həmçinin vurğulanıb ki, NDU iki ildir ki, dünyanın texnologiya nəhəngi olan IBM institutu ilə əməkdaşlıq memorandumu imzalayıb və bu çərçivədə universitetin akademik heyətinə IBM mütəxəssisləri tərəfindən sertifikatlı təlimlərin keçirildiyini vurğulayıb.

Məlumat üçün bildirək ki, “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda II Beynəlxalq Elmi-Texniki Konfransda Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyev, İnformasiya Texnologiyaları İnstitunun baş direktoru Rasim Əliquliyev, İdarəetmə Sistemləri İnstitunun baş direktoru Əli Abbasov və Belarus Dövlət Universitetinin İnformasiya Təhlükəsizliyi Departamentinin müavini Olqa Boipravın məruzələri dinlənilib.