Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi tələbələri Bursa Uludağ Universitetində beynəlxalq təcrübədə iştirak ediblər

Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin tələbələri, EMSA Naxçıvan və EMSA Uludağ arasında keçirilən dəyişmə proqramının ikinci mərhələsində iştirak ediblər. Proqram çərçivəsində tələbələr Bursa Uludağ Universitetində tibb sahəsində zəngin elmi və praktiki təcrübə qazanıb, həmçinin mədəni mübadilə imkanlarından yararlanıblar.

Tələbələr Bursa Uludağ Universitetinin Anatomiya Kafedrasında tədris və təcrübə prosesini izləyərək, ağız anatomiyası üzrə dərslərdə iştirak ediblər. Mikrobiologiya və Histologiya Kafedralarının elmi və tələbə laboratoriyalarında tədqiqatlar aparılıb, təqdimatlar keçirilib. Həmçinin, Təcrübə Heyvanları Yetişdirmə və Araşdırma Mərkəzi və USİM Yaxşı Tibb Təcrübələri və Simulyasiya Mərkəzində virtual pasiyentlər üzərində praktik təlimlər həyata keçirilib. Proqramın xüsusi məqamlarından biri Məhkəmə Tibbi İdentifikasiyası seminarı olub. Tələbələr Pediatriya Kafedrasında klinik tədqiqatlarla da tanış olublar.

Proqram çərçivəsində tələbələr Bursanın tarixi və mədəni yerlərinə səyahət ediblər, həmçinin təşkil olunan sosial tədbirlər tələbələrə yeni dostluqlar qurmaq, mədəniyyətlərarası dialoq yaratmaq və unudulmaz təcrübələr qazanmaq imkanı verib.

Bu beynəlxalq proqram, tələbələrin peşəkar inkişafına mühüm töhfə verməklə yanaşı, EMSA Naxçıvan və EMSA Uludağ arasında uğurlu əməkdaşlıq nümunəsidir. Tibb təhsilinin keyfiyyətini artırmaq və tələbələrin gələcək uğurlarına dəstək olmaq bu əməkdaşlığın əsas məqsədidir.

Naxçıvan Dövlət Universiteti tələbələrinin beynəlxalq proqramlarda iştirakı, onların həm elmi, həm də şəxsi inkişafına geniş imkanlar açır.