Naxçıvan Dövlət Universitetində “Turan Stomatologiya” adlı konfransı keçirilib

NDU-nun Tibb fakültəsinin “Stomatologiya” kafedrasının təşkil etdiyi “Turan Stomatologiya” adlı konfransı keçirilib. Tədbirdə, onlayn qoşulan qonaqlar, “Stomatologiya” kafedrasının müəllim və tələbələri iştirak edib.

Naxçıvan Dövlət Universitetinin müəllimləri, həkim-stomatoloq Əli Məmmədov və Qəmər Məmmədova konfransda "Ortodontiyada müayinə və diaqnozun təyin olunması, ortodontik müalicə və medikal estetikanın birgə istifadəsi ilə üz profilinin təkmilləşdirilməsi" mövzusunda təqdimat ediblər. Onlar təqdimat zamanı ortodontik müalicənin yalnız dişlərin funksionallığını bərpa etmək üçün deyil, həm də üz estetikasını yaxşılaşdırmaq üçün istifadə edilə biləcəyini vurğulayıblar.

Tədbirə onlayn qoşulan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ortodontiya kafedrasının müdiri, tibb elmləri doktoru, dosent Ziba Qasımova "Ortodontiyada sənədləşmə" mövzusunda çıxışında ortodontik müalicə prosesində sənədləşmənin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, düzgün və sistemli sənədləşmə müalicənin planlaşdırılması, icrası və nəticələrinin təhlili üçün vacibdir.

Tədbirə onlayn qoşulan estetik restavratorlar Elnur Həsənli və Toğrul Məmmədli müvafiq olaraq “Dental fotoqrafiya” və “Adgeziv sistemlər, biomimetrik stomatologiya” mövzularında qısa təqdimatlar ediblər. Elnur Həsənli dental fotoqrafiyanın müalicə prosesində sənədləşmə və estetik nəticələrin qiymətləndirilməsində rolunu vurğulayıb. Toğrul Məmmədli isə adgeziv sistemlərin biomimetrik stomatologiyada tətbiqindən danışaraq, təbii diş toxumalarının qorunması və funksional nəticələrin əldə edilməsində əhəmiyyətini qeyd edib.

Konfransda “Ön dişlərin keramik restavrasiyası”, “Dental implantasiya haqqında təməl biliklər” və “Kök kanallarının mexaniki yollarla hazırlanması” mövzularında çıxışlar dinlənilib. Məruzələrdə estetik və funksional yanaşmalar, implantasiya prinsipləri və kök kanal müalicəsində müasir texnologiyaların əhəmiyyəti vurğulanıb.

Üz-üzə və onlayn davam edən konfransın sonunda tələbələrin sualları cavablandırılıb.