Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumuna uyğun olaraq Ali Məhkəmə tərəfindən Universitetin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün hüquq günləri təşkil olunub. Üç gün davam edən layihənin ilk günü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Zamiq Əliyev “Ailə mübahisələrinin həllinin spesifik xüsusiyyətləri” barədə tələbələrə təlim keçib, təlimdə tələbələr ailə qanunvericiliyinin ümumi xarakteristikası, ailə mübahisələri üzrə işlərə tətbiq olunmalı olan qanunvericilik aktlarının dairəsi, həmin qəbildən işlərə baxılması zamanı formalaşmış vahid məhkəmə təcrübəsi barədə məlumatlandırılıb, onları maraqlandıran suallar hakim tərəfindən cavablandırılıb, mövzu ətrafında tələbələrin iştirakı ilə qarşılıqlı müzakirə aparılıb.
Növbəti gün tələbələrin təqdim olunmuş kazusla işləmələri təmin olunub. Onlar komandalar şəklində ailə mübahisəsi ilə bağlı keys üzərində işləyib kazusla bağlı sualları ətraflı cavablandırıblar.
Layihənin sonuncu günü tələbələr tərəfindən işlənmiş keysin müzakirəsi baş tutub. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Zamiq Əliyev tərəfindən tələbələrin iştirakı ilə kazusa təqdim olunmuş cavablar üzərində ətraflı təhlil aparılıb, onlara lazımi izahlar verilib.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihənin məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin konkret hüquq sahəsi üzrə biliklərinin təkmilləşdirilməsi, onlarda nəzəri biliklərin təcrübədə istifadəsi vərdişləri yaratmaqla yanaşı, tələbələrin tənqidi düşüncə, hüquqi mühakimə kimi təməl bacarıqlarının inkişafına təkan verməkdir.