Naxçıvan Biznes Mərkəzində təşkil olunan tədbirdə dövlət və hökumət nümayəndələri, şəhid ailə üzvləri, media nümayəndələri və könüllü gənclər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsisçisi, Ali Məclisin deputatı Üzeyir Məmmədov birliyin yaranma tarixi və fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mais Gülməmmədov bildirib ki, 2024-cü ildə ümumilikdə 24 tədbir keçirilib. Bu tədbirlərdən 12-si hər ayın son ongünlüyündə şəhidlərimizin doğum günlərinin qeyd olunmasına həsr edilib. Mais Gülməmmədov qeyd edib ki, bu tədbirlərin ərsəyə gəlməsində Naxçıvan Dövlət Universiteti böyük dəstək göstərib və şəhidlərin xatirəsini uca tutmaq, tələbələrdə vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə birgə layihələrdə fəal iştirak edib.
Daha sonra Mais Gülməmmədov Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevə söz verib. Rektor çıxışında universitetin milli dəyərlərin qorunması və şəhid ailələrinə dəstək istiqamətində həyata keçirdiyi təşəbbüslərin önəmini vurğulayıb. O bildirib ki, universitet kollektivi şəhid ailələrinin problemlərinə xüsusi həssaslıqla yanaşır, onların ehtiyaclarının qarşılanması və gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi üçün bütün resurslarını səfərbər edir. Şəhid ailələrinə dəstək göstərməyi mənəvi öhdəlik və xalqımızın tarixi borcu kimi dəyərləndirən rektor, bu sahədəki fəaliyyətlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Tədbirdə “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin 2024-cü il ərzində təşkil olunan tədbirlərdəki fəal roluna və universitetdə mütəmadi keçirilən vətənpərvərlik yönümlü tədbirlərə görə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev şəhid ailələrinə göstərdiyi dəstəyə görə plaket və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin fəxri üzvlük vəsiqəsi ilə təltif olunub. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbəsinə də təşəkkürnamələr təqdim olunub. Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubov, İncəsənət fakültəsinin “Teatr və Mədəniyyətşünaslıq” kafedrasının müdiri, Gülxarə Əhmədova, “Orkestr alətləri və dirijorluq” kafedrasının dosenti, Validə Hüseynova, “Fortepiano” kafedrasının müəllimi Fəridə Ağayeva və universitetin bir qrup tələbəsi tədbirin təşkilindəki və ictimai fəaliyyətlərdəki fəallıqlarına görə təşəkkürnamələrlə təltif ediliblər.
Tədbirin sonunda 2025-ci il ərzində “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi tərəfindən nəzərdə tutulan tədbirlər barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, bu tədbirlərdə də Naxçıvan Dövlət Universitetinin təşəbbüskarlığı və iştirakı davam edəcək. Universitet tərəfindən həyata keçirilən layihələr çərçivəsində şəhid ailələrinin dəstəklənməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində yeni addımlar atılacaq.