İyunun 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işinə başlayıb.
Festival-konqres iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib və önünə güllər düzüblər.
Heydər Əliyev Muzeyinə gələn ziyarətçilərə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə məlumat verilib.
Zəngəzur Milli Parkında, Batabat yaylağında “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, 2020-ci il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradının ssenari müəllifi və aparıcısı, polkovnik Abdulla Qurbani tədbiri açıq elan edib, el ağsaqqalı Dədə Qorqud xeyir-duasını verib. Oğuz elinin çaparları Batabat yaylağının əhatəsində bayram rəmzi olan üç tonqal qalayıb.
Sonra “Zəfər” kompozisiyası təqdim olunub. Əlahiddə Ümumqoşun Ordunun Şuşayadək zəfər yolu keçən qəhrəmanları Şuşaya sancılan və Zəfər paradında nümayiş etdirilən Zəfər Bayrağını meydana gətiriblər.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
2023-cü ilin antiterror tədbirlərində əldə etdiyimiz möhtəşəm qələbəyə həsr olunmuş “Zəfər marşı” ifa olunub.
Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası “Dərələyəz” kompozisiyasını təqdim edib.
2023-cü ildə keçirilmiş “Qərbi Azərbaycana qayıdış” festival-konqresindən yaddaqalan məqamları əks etdirən videoçarx nümayiş olunub.
Festival-konqresin plenar iclasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açılış nitqi edib. Hər kəsi “Qərbi Azərbaycana qayıdış” festival-konqresində salamlayan Fuad Nəcəfli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyması, 2023-cü il sentyabrın 19-20-də isə dövlətimizin suverenliyinin onun bütün ərazisində təmin olunması vaxtilə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası üçün də real imkanlar yaradıb. 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul olunub, bu istiqamətdə konkret tədbirlərin icrasına başlanılıb. Naxçıvanda keçirilən növbəti “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də ölkəmizdə bu sahədə görülən işlərin tərkib hissəsi olmaqla yanaşı, həm də xalqımıza qarşı törədilmiş haqsızlıqlara bir daha nəzər salmaq fürsəti yaradacaqdır.
Səlahiyyətli nümayəndə qeyd edib ki, XIX əsrin əvvəllərində imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi ilə azərbaycanlıların deportasiya siyasətinin əsası qoyulub. Xüsusilə də 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib. Sözsüz ki, deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvi ilə də müşayiət olunub, abidələrimiz dağıdılmış, qədim Azərbaycan toponimləri saxta və uydurma adlarla əvəzlənib, açıq şəkildə mono-etnik dövlətçilik və etnik təmizləmə siyasəti həyata keçirilib. 1970-1980-ci illərdə - Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə bu proseslərin qarşısı alınıb, xalqımız növbəti deportasiya və etnik təmizləməyə məruz qalmamyıb. Lakin 1987-ci ildə Ulu Öndərin Sovetlər Birliyinin rəhbərliyindən getməsi Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın növbəti acı taleyinin başlanğıcı olub, 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu və ən dəhşətli mərhələsi baş tutub. Həmin dövrdə Ermənistanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə, eləcə də böyük şəhərlərdə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Həmin kəndlərdə və şəhərlərdə yaşayan soydaşlarımız 3 il ərzində Ermənistandan zorla çıxarılıb, soyqırımı və işgəncələrə məruz qalıblar.
Səlahiyyətli nümayəndə bildirib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yeni reallıqlar yaradan və bunu diktə edən dövlətdir. Müstəqil Azərbaycanın və onun qüdrətli LİDERİNİN mövqeyi sülhə, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanır. Qərbi Azərbaycana qayıdış konsepsiyası da bu üç prinsipə uyğun reallaşdırılır. Hər kəsin öz əzəli torpaqlarında yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Məhz bu səbəbdən də Zəngəzurda, İrəvanda və digər əzəli Azərbaycan torpaqlarında yaşamaq hüququnu beynəlxalq birlik qarşısında qaldıran xalqımız əmindir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış da reallaşacaqdır.
“Qərbi Azərbaycana qayıdış” festival-konqresi üçün zəngin proqram hazırlandığını diqqətə çatdıran Fuad Nəcəfli plenar və bölmə iclaslarındakı çıxışların, aparılan müzakirələrin ümumi məqsədə çatmaq üçün səmərəli olacağını bildirib, Festival-konqresin işinə uğurlar arzulayıb, təşkilatçılara və dəvəti qəbul edib tədbirdə iştirak edən hər kəsə təşəkkür edib.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev builki festival-konqresin Azərbaycanın dilbər guşələrindən biri olan Batabat yaylağında təşkil olunmasının daha bir özünəməxsusluğunu diqqətə çatdırıb. Bildirib ki, festivalın təşkil olunduğu bu füsunkar məkandan cəmi bir neçə kilometr məsafədə vaxtilə həmvətənlərimizin yaşadıqları Qərbi Azərbaycan kəndləri yerləşir. Yəni builki festival bizi həm ruhən, həm də coğrafi olaraq Qərbi Azərbaycana daha da yaxınlaşdırır. Bu mühüm tədbirin Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunmuş sanballı bir ictimai-mədəni müzakirə platforması rolu oynadığını vurğulayan elm və təhsil naziri qeyd edib ki, Qərbi Azərbaycana qayıdış ümummilli məsələdir və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik. Çünki bu, doğma evlərindən, ibadət yerlərindən, mədəniyyət abidələrindən məhrum edilmiş minlərlə həmvətənimizin insan hüquqları məsələsidir. Bu məqsədlə, məktəblilər arasında keçirilən “Qərbi Azərbaycana qayıdış” olimpiadası davam etdiriləcək, tələbələr arasında silsilə maarifləndirmə tədbirləri, Gənc Müəllimlərin Qərbi Azərbaycana Qayıdış Forumu təşkil olunacaq, Qərbi Azərbaycana həsr olunmuş elmi araşdırmaları təşviq edən qrantların verilməsi nəzərdən keçiriləcək.
Elm və təhsil naziri “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qaliblərini təbrik edib, festival-konqresin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında vurğulayıb ki, azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyası zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 37 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir. Bu tarixi faciələrə vaxtında hüquqi-siyasi qiymət verilməyib. Yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyev bu tarixi ədalətsizliyə, faciələrə hüquqi-siyasi qiymət veib və bununla bağlı 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” və 2001-ci il avqustun 22-də “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” fərmanlar imzalayıb. Bu tarixlərdən başlayaraq hadisələrin elmi təhlili və obyektiv siyasi münasibətlərin formalaşdırılması təmin edilib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli rəhbərlik etdiyi icma adından hər kəsi salamlayıb, ötən il keçirilən ilk festival-konqresin uğurlu nəticələrindən danışıb. Əziz Ələkbərli festival-konqresi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ideya müəllifi Prezident İlham Əliyev və xalqımız qarşısında hesabat kimi dəyərləndirib, ötən dövrdə qarşıda duran vəzifələrin icrası istiqamətində görülən işləri diqqətə çatdırıb. Bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası ilk dəfə beynəlxalq müstəviyə çıxarılıb, dünyanın bir çox ölkə və qurumlarına, siyasətçilərinə onlarla məktub və müraciətlər ünvanlanıb, icmanın 225 bəyanatı qəbul edilib. Bu gün Qərbi Azərbaycan İcmasının yeddi rəsmi sənədi artıq BMT-nin rəsmi sənədi kimi bütün rəsmi dillərdə və beynəlxalq qurumun üzvü olan bütün dövlətlər arasında yayılıb. 200 il ərzində ermənilər tərəfindən doğma ocaqlarından qovulmuş, artıq geriyə qayıda bilmək ümidini itirməkdə olan qaçqınlarda inam yaradılıb, insanlarımız bu ideya ətrafında sürətlə kənd-kənd, rayon-rayon təşkilatlanıb, Qərbi Azərbaycanın 24 rayonu və 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb, Azərbaycan Respublikasının 41 rayonu üzrə nümayəndəliklər qərargahla təmin olunub. Bu gün artıq Qərbi Azərbaycana qayıdış tək qərbi azərbaycanlıların və Azərbaycan Respublikasında yaşayan 10 milyon soydaşlarımızın məsələsi deyil. Bu, 60 milyonluq dünya azərbaycanlılarının və bir çox məqamlarda bütöv Türk dünyasının məsələsidir. Bu, soydaşlarımızın beynəlxalq hüquqa söykənən haqqıdır. Bu, Ulu Öndər Heydər Əliyevin bizə vəsiyyəti, cənab Prezident İlham Əliyevin tapşırığı və atalarımız qarşısında övladlıq, övladlarımız qarşısında atalıq borcumuzdur.
Əziz Ələkbərli festival-konqresin işinə uğurlar arzulayıb.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan Araşdırma Mərkəzinin təssisçisi, professor Mahirə Hüseynova bu ağrılı problemin gündəmə çevrilməsində, yüz minlərlə insanın tarixi Vətəninə qovuşmaq istəyini müxtəlif yerli və beynəlxalq təşkilatların platformalarından dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi ardıcıl dəstəyə görə Prezident İlham Əliyevə şükranlarını çatdırıb, doğma Naxçıvandan həqiqətlərin bəyan edilməsi üçün yaradılan platformaya görə əməyi keçən hər kəsə təşəkkür edib, festival-konqresin təşkilatçılarının işini yüksək qiymətləndirib. Mahirə Hüseynova vurğulayıb ki, Qərbi azərbaycanlı ziyalılarla görüşü zamanı konseptual çıxışında Azərbaycan Respublikasının Qərbi Azərbaycandan olan soydaşlarının hər məqamda yanında olacağını bəyan edən Cənab Prezidentimiz bu bəyanatı ilə elmi ictimaiyyətin qarşısında mühüm vəzifələr qoydu. Sovet Rusiyasının dəstəyi ilə 1920-ci ildə yaradılan sovet Ermənistanında həyata keçirilən 1948-1953 və sonuncu 1988-1991-ci illər deportasiyaları və çoxminli insan faciəsinin gənc tədqiqatçıların mövzusu olacağına inamını ifadə edən Mahirə Hüseynova Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində görülən işləri diqqətə çatdırıb.
Türkiyənin İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma çıxışında Nuh peyğəmbərin diyarı olan Naxçıvanın sadəcə Azərbaycan və Türk dünyası üçün deyil, bütün dünya üçün önəmli bir coğrafiya olduğunu bildirib. Zəngəzur dəhlizinin buradan keçməsi Naxçıvanın bu mənada əhəmiyyətini daha da artırır. Zəngəzur dəhlizinin önəminə toxunan Mehmet Hakkı Alma qeyd edib ki, Azəbrycan Ordusunun şanlı zəfəri ilə bitən 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb. Bunun nəticəsində Zəngəzur dəhlizinin reallaşması da gündəmə gəlib. Türk dünyasını birləşdirən bu mühüm koridor sadəcə iqtisadi, ticari və logistik əlaqələrin inkişafı deyil, həm də humanizm və sülh prinsiplərini özündə ehtiva edən mühüm sosial layihədir. Türk-islam mədəniyyəti tarixinin önəmli bir parçası olan Zəngəzur dəhlizi Avropa və Asiyanı birləşdirən mühüm bir körpü rolunu oynayır.
Rektor təmsil etdiyi universitetin təşkilatçılığı ilə Zəngəzur dəhlizi mövzusunda simpoziumun keçirildiyini, simpoziumun nəticələrinin geniş ictimaiyyətə təqdim olunduğunu bildirib, Zəngəzur dəhlizi ilə paralel olaraq Qərbi Azərbaycana qayıdışın da ləyaqətli şəkildə reallaşacağına əminliyini ifadə edib.
Tədbirdə “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibi olmuş şagirdlər mükafatlandırılıb.
Bildirilib ki, 2024-cü ildə Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığı çərçivəsində “Qərbi Azərbaycana qayıdış” olimpiadası baş tutub. Ölkəmizin müxtəlif bölgələrindən 10 mindən çox şagird bilik yarışında fəal iştirak edib. Onlar Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəni irsi, toponimləri, tarixi şəxsiyyətləri ilə bağlı biliklərini nümayiş etdiriblər. Ötən gün Naxçıvan Dövlət Universitetində 36 şagirdin iştirakı ilə olimpiadanın final mərhələsi keçirilib.
Qədim yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə formalaşdırdığı və yaşatdığı mədəniyyəti təbliğ etməklə yanaşı, əzəli yurd yerinə qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etmək məqsədi daşıyan konqresdə ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçılar bir araya gəlib. Sabah davam edəcək konqres çərçivəsində keçirilən bölmə iclaslarında elm adamlarının Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yeniliklər dinləniləcək və fikir mübadiləsi aparılacaq.
Festival-konqresdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Müəllimlər İnstitutu, eləcə də qardaş Türkiyədən olan universitetlər tərəfdaş qismində iştirak edirlər. Həmçinin Naxçıvan Muxtar Respublikasının şəhər və rayon icra hakimiyyətləri, Mədəniyyət və Təhsil nazirlikləri tərəfdaş qurum kimi iştirak edirlər.