Naxçıvanda " Qlobal İnformasiya Mühiti və Media Trendləri - MEDİAFEST 2025" keçirilib

Mayın 30-da Heydər Əliyev Sarayında Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Naxçıvanda " Qlobal İnformasiya Mühiti və Media Trendləri - MEDİAFEST 2025" keçirilib.

Tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Media İnkişaf Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan "Şərq qapısı" qəzetinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış ediblər.

Tədbir müddətində Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə beynəlxalq media təmsilçilərinin təbrik videoları təqdim olunub.

Konfrans çərçivəsində “Dezinformasiya və fake news-larla mübarizə” mövzusunda panel müzakirəsi keçirilib.

Qeyd edək ki, tədbirdə Naxçıvan Dövlət Universiteti də öz stendi ilə təmsil olunub.

Stenddə universitetin "Yeni Fikir" qəzeti, Media Mərkəzi, "Nuhçıxan" radiosu, Universitet Televiziyası və "Jurnalist tələbələrimiz" başlığında bölmələrdə fotoşəkillər əks olunub. Universitetin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri Şəhla Şirəliyeva universitetin Jurnalistika ixtisası və Media Mərkəzi haqqında məlumatlar verib. Monitorda universitetin "Media Mərkəzi" tərəfindən jurnalist tələbələrin iştirakı ilə çəkilən verilişlərdən hazırlanmış videoçarx təqdim olunub.