Naxçıvan Dövlət Universiteti Bakıdakı ali təhsil sərgisində təmsil olunur

İyulun 30-da Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində ali təhsil müəssisələrinin sərgisinə start verilib. Sərgi avqustun 1-dək DİM-in elektron imtahanlar korpusunda davam edəcək.

 

Tədbirdə ölkənin 40-a yaxın dövlət və özəl ali təhsil müəssisələri iştirak edir.

Universitetin təqdimat stendində abituriyentlərə NDU-nun tədris imkanları, fakültələri, ixtisasları, beynəlxalq əlaqələri və tələbə həyatı barədə ətraflı məlumat verilir. Eyni zamanda, universitetə qəbul şərtləri, yeni tədris proqramları və xaricdə təhsil imkanları da ziyarətçilərin diqqətinə çatdırılır.

 

Sərginin keçirilməsində əsas məqsəd abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək, onların peşə və ixtisas seçiminə dəstək göstərməkdir. Tədbir çərçivəsində Dövlət İmtahan Mərkəzinin hazırladığı peşə seçimi testləri də təqdim olunur və abituriyentlər bu testlərdən ödənişsiz şəkildə yararlana bilirlər.

 

Sərgiyə giriş saat 10:00-dan 16:30-dək mümkündür və iştirakçılar əvvəlcədən qeydiyyatdan keçərək sərgini ziyarət edə bilərlər.